YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyəti geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir

Möhkəm təmələ əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Ümumilikdə tarixi Zəfərimizdən sonra Türk dünyasının birliyi, həmrəyliyi daha da möhkəmlənir. Bu özünü həm türk dövlətlərinin ikitərəfli əlaqələrində, həm də Türk Dövlətləri Təşkilatı daxilində birgə addımların atılmasında aydın şəkildə nümayiş etdirir. Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərində oldu. Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm bünövrə üzərində qurulub. Son üç ildə iki ölkənin dövlət başçılarının ondan çox qarşılıqlı səfərləri münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə nümayiş etdirir.  Hər bir səfər çərçivəsində aparılan müzakirələr son nəticəyə yönəlir. Azərbaycan və Qazaxıstanın ikitərəfliyi gündəliyi zəngindir. Bu baxımdan Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü diqqətdən kənarda qalmadı. Qazaxıstan Prezidenti səfəri yüksək dəyərləndirərək bildirdi ki, bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir. Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. Kasım-Jomart Tokayev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, mövqeyinin möhkəmlənməsindən bəhs etdi və bildirdi ki, iqtisadi-ticari, siyasi tərəfdaşlığın inkişaf etdirilməsi bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir. Cənab İlham Əliyev bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəflədiyimizi diqqətə çatdırdı. Azərbaycan-Qazaxıstan münasibətlərində yeni səhifə açan bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Həmçinin Prezidentlərin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Bütün bunlar Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini, yeni məzmunla zənginləşdiyini təsdiqləyir. İki ölkənin münasibətləri qardaşlıq və etimad nümunəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, iki ölkənin birliyi hazırda azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə təşəkkürünü bildirən cənab İlham Əliyev qeyd etdi ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır. Təbii ki, bu, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.

Malik Həsənov ölkələr arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanmasını önə çəkərək bildirib ki, bu, səfərin əhəmiyyətini, əlaqələrin yeni istiqamətlər üzrə inkişafını təsdiqləyən əsas faktorlardan biridir: “Azərbaycan və Qazaxıstan arasında bu günədək 170 sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb.  Artıq 20 ildir ki, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə mövcuddur. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Prezident  İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana reallaşdırdığı  dövlət səfəri zamanı müxtəlif istiqamətlər üzrə 10-dan artıq sənəd imzalandı. Həmçinin Prezidentlərin iştirakı ilə Azərbaycan  və Qazaxıstan  arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanat, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərar, Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycanın və Qazaxıstanın Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərar imzalandı. Hər bir sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafında əhəmiyyətli rola malikdir”.

Millət vəkili vurğulayıb ki, Prezidentlərin mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında perspektivlərə işıq saldı. Ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyətin  çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu önə çəkən Prezident İlham Əliyev bildirdi ki, bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir.

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyev dövlət səfərindən əvvəl “Kazinform” agentliyinə verdiyi müsahibəsində də iki dost ölkənin münasibətlərinin strateji mahiyyətini, gələcəyə baxışlarını əsaslı şəkildə diqqətə çatdırdı. Ümumilikdə müsahibə Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi inkişaf yolunun, yeni mərhələyə yüksələn strateji əməkdaşlığının təhlili kimi diqqətdə oldu. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha vurğuladı ki, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.