Xəbərlər
Partiya fəalları Qarabağa səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının təşəbbüsü ilə bir qrup partiya fəalının Qarabağ iqtisadi rayonuna səfəri təşkil olunub.
Səfər iştirakçıları əvvəlcə Ağdam şəhərində olublar. Burada onlar işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri, yeni salınan yaşayış məhəllələri və abadlıq tədbirləri ilə yaxından tanış olublar. İştirakçılar, həmçinin Ağdam Cümə məscidini ziyarət edərək tarixi-memarlıq abidəsinin keçdiyi inkişaf yolu, işğal dövründə məruz qaldığı dağıntılar və hazırda aparılan bərpa işləri barədə ətraflı məlumat alıblar.
Daha sonra səfər iştirakçıları Əsgəran qalasını ziyarət ediblər. Onlara XVIII əsr Azərbaycan memarlığının nadir nümunələrindən biri hesab olunan qalanın tarixi, memarlıq xüsusiyyətləri və Qarabağ xanlığının müdafiəsində oynadığı mühüm rol haqqında məlumat verilib.
Səfər çərçivəsində Xocalı şəhəri də ziyarət olunub. İştirakçılar Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Xankəndidə isə iştirakçılar genişmiqyaslı bərpa və quruculuq işlərini, yenilənən şəhər infrastrukturunu və formalaşdırılan müasir yaşayış mühitini yaxından izləyiblər. Bildirilib ki, həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına, müasir şəhərsalma prinsiplərinin tətbiqinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Səfər çərçivəsində iştirakçılar “Zəfər Tağı” abidəsini və Qarabağ Universitetini də ziyarət ediblər.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və Şuşa qalası ziyarət olunub, şəhərin zəngin tarixi-mədəni irsi, eləcə də işğaldan azad olunduqdan sonra həyata keçirilən bərpa və konservasiya layihələri ilə yaxından tanışlıq olub.
