YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq dialoq məkanıdır

Aydın Hüseynov

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Mehriban xanım Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiya sahəsində həyata keçirdiyi siyasətin məntiqi davamı və qlobal mədəniyyətlərarası dialoqa verdiyi töhfənin parlaq nümunəsidir. Bu səfər bir tərəfdən Azərbaycan–Vatikan münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı etimadı nümayiş etdirirsə, digər tərəfdən ölkəmizin dünyada mədəniyyətlərarası anlaşmanın, dinlərarası dialoqun və qarşılıqlı hörmətin fəal tərəfdarı kimi tanındığını bir daha sübut edir.

Azərbaycan müstəqillik dövründə təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də humanitar və mədəni müstəvidə mühüm rol oynayıb. Mehriban xanım Əliyevanın fəaliyyəti və təşəbbüsləri nəticəsində ölkəmiz bu sahədə özünü sivilizasiyalar arasında körpü rolunda təqdim etməyi bacarıb. Onun Vatikan səfəri də bu siyasətin davamı kimi, müxtəlif dinlər və mədəniyyətlər arasında etimad mühitinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın İslam dünyasının bir parçası kimi xristian dünyasının mərkəzlərindən biri olan Vatikanla qurduğu münasibətlər qarşılıqlı hörmət və dəyərlərin paylaşılmasının mümkünlüyünü nümayiş etdirir.

Bu səfər həm də Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin tolerantlıq irsinin təcəssümüdür. Ölkəmiz tarixən müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin dinc şəkildə bir arada yaşadığı məkan olub. Bu ənənə bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar təşəbbüslər bu siyasətin daha geniş miqyasda tanıdılmasına xidmət edir. Vatikanla qurulan mədəni əməkdaşlıq layihələri, birgə sərgilər və tarixi irsin qorunması üzrə proqramlar bu qarşılıqlı anlayışın konkret nəticələridir.

Səfərin başqa bir mühüm tərəfi də ondan ibarətdir ki, Azərbaycan dünya mədəniyyətinə və dini irsə hörmətlə yanaşan, mədəni müxtəlifliyi universal dəyər kimi qəbul edən bir ölkə obrazını möhkəmləndirir. Mehriban xanım Əliyevanın təşəbbüsləri təkcə Azərbaycanın deyil, bütövlükdə regionun dünyaya təqdimatında mühüm rol oynayır və ölkəmizi qlobal humanitar əməkdaşlığın etibarlı tərəfdaşına çevirir.

Beləliklə, Vatikan səfəri sadəcə diplomatik addım deyil, Azərbaycanın dünyada tolerantlıq, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınmasına xidmət edən strateji bir hadisədir. Bu, həm də Azərbaycan qadınının beynəlxalq səhnədə təmsilçiliyinin, onun sülh, anlaşma və mədəni əməkdaşlığa verdiyi töhfənin təsdiqidir. Mehriban xanım Əliyevanın bu fəaliyyəti ölkəmizin yumşaq güc potensialını gücləndirir və Azərbaycanı humanitar diplomatiyanın fəal və etibarlı aktorlarından birinə çevirir.

DİGƏR Xəbərlər Arxiv