Xəbərlər
Dövlət müstəqilliyi xalqımızın qürur mənbəyidir
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti barədə ətraflı danışıb. O vurğulayıb ki, 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın güclü iradəsinin təntənəsi olaraq milli azadlıq mübarizəsinin məntiqi nəticəsini ifadə edib.
Fəxrəddin Vəliyev qeyd edib ki, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində mümkün olub. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dünya miqyasında nüfuzlu, suveren mövqeyə malik dövlətə çevrilib.
Daha sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, müstəqillik xalqın qürur mənbəyidir və bu dəyərlərin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz beynəlxalq arenada güclü tərəfdaş, etibarlı dost və regionda sabitliyin əsas dayaqlarından birinə çevrilib.
Ərazi partiya təşkilatının sədri Famil Həmidov, 44 günlük Vətən müharibəsi şəhidi Elbrus Hüseynovun anası Xanımzər Əhmədova və digər partiya fəalları Azərbaycan dövlət müstəqilliyinin tarixi mərhələlərindən, milli azadlıq hərəkatının çətin və şərəfli yolundan danışıblar. Natiqlər qeyd ediblər ki, Vətən müharibəsində qazanılmış Zəfər dövlət müstəqilliyinin zirvəsi, milli qürur və birliyin təntənəsidir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.