Xəbərlər
Şanlı Zəfərin 5-ci ildönümü və AMEA-nın 80 illiyi münasibətilə idman yarışları keçiriləcək

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 illiyinə həsr olunmuş idman yarışlarının keçirilməsi ilə əlaqədar görüş baş tutub.
YAP Yasamal rayon təşkilatında keçirilən iclasda çıxış edən rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, idman yarışları Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmaqla dövlətçilik ideallarının, milli birliyin və elm-idman həmrəyliyinin təntənəsini ifadə edir.
Qeyd olunub ki, idman yarışlarının keçirilməsinin məqsədi Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrdə çalışanların vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və ictimai fəallığın artırılmasıdır. Yarışların yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülür, şəffaf və obyektiv qiymətləndirmə mexanizmləri müəyyənləşdirilir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov da çıxış edərək yarışların “Konstitusiya və Suverenlik İli”nin ruhuna uyğun olaraq milli həmrəyliyin, vətənpərvərliyin və sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini deyiblər. Vurğulanıb ki, bu idman yarışları Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrdə çalışanların fiziki və mənəvi inkişafına, onların Vətənə bağlılıq hisslərinin güclənməsinə xidmət edir.
Sonda təşkilati məsələlər müzakirə edilib, iclas iştirakçılarının sualları cavablandırılıb və təkliflər dinlənilib.