Xəbərlər
Əməkdaşlığımız çoxşaxəlidir

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Sentyanrın 30-da İtaliya Prezidenti Sercio Mattarella ölkəmizdə rəsmi səfərdə oldu. Hər bir səfər ölkəmizin artan nüfuzunun, cənab İlham Əliyevə yüksək etimadın göstəricisidir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bunu həm qarşılıqlı səfərlər, həm də ölkəmizin ev sahibliyi etdiyi, eyni zamanda, cənab İlham Əliyevin qatıldığı tədbirlərin say tərkibi təsdiqləyir. Hazırda bu reallıq da beynəlxalq səviyyədə etiraf edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəldilir.
Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşləri, mətbuata bəyanatları hər bir ölkənin malik olduğu imkanların əlaqələrin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynamasına işıq saldı. Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarına diqqəti yönəldərək bildirdi ki, 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı. Hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığımızın həcmini daha da artıracaq.
Qədim tarixə malik olan Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişafı üçün imkanlar mövcuddur. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır. Strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yol xəritəsi təqdim edilib.
Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri, energetikadan başlamış sənaye istehsalına qədər əhatə edir. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə tam icra edilir.
İtaliya Prezidentinin səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimi oldu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək. İtaliya Prezidenti Sercio Mattarella isə vurğuladı ki, universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc azərbaycanlı və italyan tələbələri bir araya gətirir, o cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir. Bu təşəbbüsün həm rəmzi, nümunəvi mahiyyəti var, həm də o, əməkdaşlığımızın tacıdır və Prezident Əliyevin xatırlatdığı kimi, özünü müxtəlif formalarda və sektorlarda, yəni enerjidən tutmuş iqtisadiyyat və sənaye sahələrində büruzə verir. Həm də bu məkan ölkələrimizi, onun vətəndaşlarını sıx bağlayan mədəniyyəti, elmi tədqiqatları, təhsili təcəssüm etdirir. O da qeyd edildi ki, Bakı və Roma nəinki coğrafi baxımdan təmaslar tarixini, hətta ticarət baxımından kəsişən yollar vasitəsilə mallar və məhsulların mübadiləsi salnaməsini yazıblar, o cümlədən öz bilikləri, perspektivləri, dostluq və əməkdaşlıq planları ilə də bölüşüblər. Bunların İtaliya-Azərbaycan Universiteti timsalında bu cür səmərəli, konkret formada və yüksək keyfiyyətlə yenilənməsi, həmçinin bütün beynəlxalq ictimaiyyətə bir ismarışdır. Bu əməkdaşlıq bacarıqları, istedadları, resursları və perspektivləri tamamlayır: “Cənab Prezidentlə birlikdə universitetin bu cür möhtəşəm binasını görməkdən çox məmnunam. Bu təhsil ocağı dosent və tələbələrə nəinki tədqiqatlar aparmaq, işləmək, öyrənmək, bilikləri fəal şəkildə artırmaq imkanını verəcək, eləcə də bu ərazidə universitet həyatını duymaq fürsətini yaradacaq. İnkişaf perspektivləri haqqında düşünərkən belə inkişaf meyillərinin Azərbaycanın bütün ərazilərində geniş vüsət almasını arzulayıram. Beynəlxalq əhəmiyyətli təşəbbüslərin burada çox olmasını istərdim. Bu cür birgə perspektivlər İtaliya-Azərbaycan Universitetimizin rolunu daha da artıracaq. Universitetin əks etdirdiyi və ifadə etdiyi mədəniyyət biliklərin daşıyıcısı kimi ismarışları daha səmərəli edəcək”.