Xəbərlər
Ağdam Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağdam Muğam Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri Azərbaycanda müəllim peşəsinə hər zaman diqqət göstərildiyini deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim sənətinə böyük qayğı və diqqətlə yanaşılıb. Ümummilli Liderin rəhbərliyi dövründə təhsilə verilən dəyər ən yüksək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin siyasi fəaliyyəti dövründə təhsilin inkişafı naminə ən ali səviyyədə siyasi iradə ortaya qoyulub.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə konsert proqramı təqdim olunub.
