Xəbərlər
Pirallahı rayonunda “Beynəlxalq Müəllimlər günü” qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş tədbiri keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi sədri Arzu Cahangirova çıxışlarında müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, onların gənc nəslin formalaşmasında göstərdiyi fədakar əməyə görə dərin ehtiramlarını bildiriblər.
Çıxışlarda vurğulanıb ki, 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olub. Qeyd edilib ki, bu gün yalnız təhsil işçilərinin bayramı deyil, həm də dünyanın bütün mütərəqqi və mədəni xalqlarının ictimai həyatında mühüm tarixi hadisə kimi qəbul olunur.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hələ SSRİ və müstəqillik illərində təhsil sisteminin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Dahi Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək daim qeyd edirdi ki, müəllimlik ən şərəfli və ən ali peşədir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt bu gün də öz aktuallığını qorumaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin siyasət ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları, innovativ yanaşmalar, kadr potensialının gücləndirilməsi və müəllim əməyinin sosial baxımdan stimullaşdırılması ölkəmizin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib.
Sonda təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.