Xəbərlər
"Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsinin başlanması”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən “ 3 oktyabr 1993-cü il: Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsinin başlanması” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, şəhid ailələri, müharibə əlilləri, idarə və müəssisə rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev hər zaman xalqına və Vətəninə sədaqətlə xidmət etmiş, bütün fəaliyyətini Azərbaycanın rifahına və inkişafına həsr etmişdir. Onun rəhbərliyi dövründə ölkəmizdə milli intibah və milli şüurun oyanışı baş vermiş, dövlət müstəqilliyimiz dönməz və əbədi xarakter almışdır.
İlqar İlyasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər Azərbaycanın sürətli və davamlı inkişafını təmin edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət etmiş, milli dövlətçilik ideyalarının gerçəkləşməsi üçün bütün güc və bacarığını səfərbər etmişdir. Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin məntiqi nəticəsidir.
Tədbirdə çıxış edən partiya veteranı Aygün Kərimova, Laçın rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Natiq Mustafayev və Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Murad Eyvazov qeyd ediblər ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi və siyasi qətiyyəti nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoymuşdur. Onun hakimiyyətə qayıdışı ilə ölkədə əmin-amanlıq və siyasi sabitlik bərqərar olunmuş, bütün sahələrdə əsaslı islahatlar həyata keçirilmişdir.
Tədbirin sonunda Heydər Əliyev irsinin öyrənilməsində fəallıq göstərən bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub. Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.