YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl qısa müddətdə geniş quruculuq məkanına çevrilib

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixində ən şərəfli səhifələrdən biri kimi əbədi olaraq həkk olunub. Bu müharibədə Azərbaycan Ordusu qazandığı möhtəşəm Qələbə ilə tarixi ədaləti bərpa etdi və xalqımızın illərlə həsrətini çəkdiyi torpaqları işğaldan azad etdi.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu üzrə ordumuz qısa müddətdə böyük uğurlar əldə etdi. Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildikdən sonra Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşmən tapdağından xilas edildi. Ümumilikdə, Cəbrayıl əməliyyatı nəticəsində 1 şəhər və 80 kənd azad olunmuş, rayon 27 ildən sonra əsl azadlığına qovuşmuşdur.

Qələbədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Dövlət başçısı İlham Əliyevin mütəmadi səfərləri nəticəsində rayon sürətlə inkişaf etməyə başladı. Burada sosial, iqtisadi və infrastruktur layihələri bir-birinin ardınca həyata keçirilir. 200 hektar sahəni əhatə edən Araz Vadisi İqtisadi Zonası regionun iqtisadi inkişafına böyük töhfə verir, “Cəbrayıl” yarımstansiyası isə müasir rəqəmsal idarəetmə sistemi ilə təmin edilərək enerji təhlükəsizliyini gücləndirir. Asfalt yolların çəkilməsi, su, qaz və elektrik xətlərinin bərpası sürətlə aparılır, ərazilərdə həyat yenidən canlanır.

Sosial sahədə də böyük işlər görülür. 2025-ci ilin oktyabrında Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb istifadəyə verilib. Məktəbdə laboratoriyalar, STEAM otaqları, idman zalı və yeməkxana fəaliyyət göstərir. Rayon Mərkəzi Xəstəxanasının və digər sosial obyektlərin tikintisi də davam edir. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Cəbrayıla mərhələli geri qayıdış təmin edilir. 2025-ci ilin əvvəlində 39 ailəyə - 165 nəfərə yeni mənzillərin açarları təqdim olunub. Sarıcallı kəndində isə 691 sakin üçün fərdi evlərin tikintisi davam edir və 2040-cı ilə qədər kəndin əhalisi 4,700 nəfərə çatacaq. Məktəb, bağça və ictimai xidmət obyektləri də inşa edilir. Şükürbəyli və Horovlu kəndlərində fərdi evlər, sosial obyektlər və daxili yolların tikintisi üçün böyük tenderlər bağlanıb.

Cəbrayıl rayonunda kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalardan istifadə edilir. 2025-ci ildə Zəngilan və Cəbrayıl sakinlərinə dronlarla kənd təsərrüfatı təlimləri keçirilib ki, bu da məhsuldarlığın artırılmasına və müasir aqrar idarəetmənin tətbiqinə şərait yaradır.

Cəbrayıl şəhərinin Baş planı 2023-cü ildə təsdiqlənib. Planlaşdırmaya əsasən, 2026-cı ilə qədər şəhərdə təxminən 3,800 nəfərin, 2040-cı ilə qədər isə 15,000 nəfərin yaşaması nəzərdə tutulur. Bu müddət ərzində çoxmərtəbəli və fərdi yaşayış binaları, ictimai-iaşə obyektləri və bütün infrastrukturlar tam hazır olacaq.

Cəbrayıl qısa müddətdə geniş quruculuq meydanına çevrilib. Burada görülən işlər Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və xalqın qələbə əzmini göstərir. Prezident İlham Əliyevin də dediyi kimi: “Beş il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.”