Xəbərlər
Müasir Azərbaycanın qurucusu

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən mürəkkəb və faciəli mərhələsi kimi yadda qalmışdır. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunsa da, ölkədə siyasi xaos hökm sürür, idarəetmə iflic vəziyyətinə düşmüşdü. Hər gün müxtəlif silahlı dəstələr arasında qarşıdurmalar baş verir, şəhərlərdə və kəndlərdə insanlar özlərini təhlükəsizlikdən məhrum hiss edirdilər. İqtisadiyyat tamamilə dağılmış, vətəndaşların sosial rifahı sürətlə pisləşmişdi. Xarici qüvvələrin təsiri güclənmiş, separatçı meyillər artırdı. Bütün bunlar Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir gərgin şəraitdə xalqın bütün ümidləri yalnız bir şəxsiyyətə – Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi. Onun dövlətçilik təcrübəsi, müdrikliyi, beynəlxalq nüfuzu və xalq arasında qazandığı etimad onu ölkəni xilas edə biləcək yeganə liderə çevirmişdi. Xalq yaxşı bilirdi ki, yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti Azərbaycanı bu böhrandan çıxara bilər. İnsanlar meydanlarda onun adını səsləyir, ölkəni idarə etməsini tələb edirdilər. Hər kəsin gözlədiyi xilaskar məhz o idi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev vəziyyəti öz üzərinə götürdü. Qayıdış sadəcə siyasi dəyişiklik deyil, həm də Azərbaycan xalqının taleyində dönüş nöqtəsi idi. Onun siyasi nüfuzu ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Ümummilli Lider Heydər Əliyev qısa zamanda dövlət institutlarının dağılmaqda olan dayaqlarını bərpa etməyə başladı. Bu hadisə Azərbaycan tarixində milli qurtuluş kimi qiymətləndirildi.
15 iyun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün həmin tarix Milli Qurtuluş Günü kimi qeyd edilir. Həmin gün sadəcə bir siyasi hadisə deyildi, həm də dövlətçiliyin xilası idi. Çünki məhz o vaxtdan ölkədə sabitlik və nizam bərpa olunmağa başladı. Hakimiyyətin legitimliyi gücləndi, xalq gələcəyinə ümidlə baxmağa başladı. Tarix sübut etdi ki, bu seçim Azərbaycanın varlığını qoruyan ən düzgün addım idi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalq öz gələcəyini bir daha Ümummilli Lider Heydər Əliyevə həvalə etdi. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyəti onun namizədliyini dəstəklədi. 10 oktyabrda andiçmə mərasimi keçirildi və ölkənin inkişafında yeni bir dövr başlandı. Bu seçkilər Azərbaycanın siyasi tarixində xalqın iradəsinin qələbəsi kimi qiymətləndirilir. İnsanlar artıq dövlətin dayaqlarının möhkəmləndiyinə inanırdı. Bu hadisə müstəqilliyin qorunması baxımından mühüm mərhələ oldu.
Hakimiyyətə gəldiyi ilk illərdə Ümummilli Lider Heydər Əliyevin qarşısında duran əsas məsələ sabitliyi təmin etmək idi. Qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, çevriliş cəhdlərinin qarşısı alındı, ölkədə nizam-intizam bərqərar edildi. Dövlət idarəçiliyində sistem bərpa olundu, mərkəzi hakimiyyətin gücü artdı. Bu tədbirlər ölkəni dağılmaqdan qurtardı. Xalq bir daha öz dövlətinə güvənməyə başladı. Beləliklə, Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.İqtisadi sahədə Ümummilli Lider Heydər Əliyev genişmiqyaslı islahatlara start verdi. Bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlıq fəaliyyətinə dəstək göstərildi. Xarici sərmayələrin cəlbi üçün əlverişli mühit yaradıldı. İqtisadiyyatın dirçəlişi üçün əsaslı addımlar atıldı. İnsanların sosial rifahı tədricən yaxşılaşmağa başladı. Bu siyasət Azərbaycanın gələcək inkişaf modelini formalaşdırdı. Ölkə iqtisadi dayanıqlılığa doğru addımlamağa başladı.
20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan bu müqavilə Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı. Ölkə beynəlxalq miqyasda mühüm aktora çevrildi. Müqavilə həm iqtisadi yüksəlişə, həm də siyasi müstəqilliyin möhkəmlənməsinə böyük töhfə verdi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, gələcək layihələr üçün möhkəm təməl yarandı. Bu sənəd Azərbaycanın inkişaf yolunda tarixi mərhələ oldu.12 noyabr 1995-ci ildə referendumla qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm addım idi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu sənəd dövlətin demokratik və dünyəvi prinsiplərini təsdiqlədi. Qanunun aliliyi dövlət idarəçiliyinin əsas prinsipi oldu. İnsan hüquq və azadlıqlarının qorunması üçün hüquqi baza yaradıldı. Məhkəmə sistemi islah olundu, Ombudsman təsisatı yaradıldı. Bu tədbirlər vətəndaş cəmiyyətinin formalaşmasına zəmin hazırladı. Demokratik ənənələrin inkişafı üçün möhkəm təməl atıldı.
Milli həmrəyliyin təmin olunması Ümummilli Lider Heydər Əliyevin siyasətində xüsusi yer tuturdu. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqı ortaq dəyərlər ətrafında birləşdirdi. Bu ideologiya müstəqilliyin qorunması üçün mühüm vasitəyə çevrildi. Dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi təmin edildi. Xalq bir amal uğrunda birləşdi. Milli birlik ölkənin siyasi sabitliyini gücləndirdi. Bu isə Azərbaycanın inkişaf yolunu daha da möhkəmləndirdi.
Ordu quruculuğu siyasəti də dövlətin güclənməsində həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsinə xüsusi önəm verdi. Peşəkar zabitlərin hazırlanması, hərbi təhsil sisteminin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi ordunun müdafiə qabiliyyətini artırdı. Orduda nizam-intizam bərqərar edildi. Bu siyasət sonrakı illərdə torpaqlarımızın azad edilməsi üçün zəmin yaratdı. Güclü ordu dövlətin müstəqilliyinin təminatına çevrildi. Azərbaycan regionda güclü hərbi qüvvə kimi tanındı.
Xarici siyasətdə balanslı və praqmatik yanaşma Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkəni etibarlı tərəfdaşa çevirdi. Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, Azərbaycanın haqlı mövqeyi beynəlxalq təşkilatlarda müdafiə edildi. Ölkə regional və qlobal əməkdaşlıqda fəal iştirak etməyə başladı. Bu siyasət Azərbaycanı dünyada tanıtdı və nüfuzunu artırdı. Bu gün Prezident İlham Əliyev həmin kursu uğurla davam etdirir. 2020-ci ildə qazanılan Zəfər və 2023-cü ildə suverenliyin tam təmin olunması həmin tarixi təməlin nəticəsidir.