Xəbərlər
Şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin təqdimatıdır

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Cəbrayıl rayonun həyatında yeni dövr başlayıb. Bərpa-quruculuq işlərinin miqyası genişdir. Bunların göstəricilərində biri Cəbrayıl şəhərinin artıq sakinlərinə qovuşmasıdır. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Digər azad edilmiş ərazilərimiz kimi Cəbrayıl rayonunda da yol infrastrukturuna xüsusi diqqət göstərilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Həmin avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Qısa müddətdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb. Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizdən dərhal sonra bu torpaqlara gerçəkləşən ilk səfər də məhz Füzuli və Cəbrayıl rayonlarına oldu. Ötən beş ildə cənab İlham Əliyev Cəbrayıl rayonuna 10 səfər edib. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalan bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasını daha da sürətləndirir. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün bu torpaqlara qayıdışını təmin etməkdir.