Xəbərlər
Azərbaycan hər bir hədəfə zamanında nail olur

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
4 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu müjdəni çatdırdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti qələbə xəbəri idi. Xalqımız hər gün ölkə Prezidentindən xoş xəbərlər gözləyirdi. Cəbrayıl 27 illik işğaldan sonra azad edilən ilk şəhər oldu. Eyni zamanda, həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Ümumilikdə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhər və 90 kəndi işğaldan azad olundu.
Cəbrayılın azadlığa qovuşması fonunda tarixə qısa nəzər salaq. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.
44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Dünyanın ən güclü orduları sırasında qərarlaşan Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımızın 30 illik həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş torpaqlarımıza başlanan səfərləri hər birimizi qürurlandırır. Kimliyimizin, qürurumuzun təqdimatı olan tarixi Zəfərimiz Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya çatdırdı.
2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna ilk səfəri zamanı dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi hadisə Azərbaycan xalqı üçün qürur və fəxarətdir, mühüm siyasi əhəmiyyətə malikdir. Qəhrəmanlığın və şücaətin təcəssümü kimi dəyərləndirilən bu mühüm addımı da qeyd etmək istərdik ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, qalib Azərbaycanın vətəndaşı olduğu üçün qürurludur. Artıq torpaqlarımızın azad edildiyi tarixləri qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir.