YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin xilası və dövlətçiliyimizin əbədi təntənəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

1993-cü il 3 oktyabr Azərbaycan tarixinin taleyüklü səhifələrindən biridir. Həmin gün xalqın böyük əksəriyyətinin iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə yalnız siyasi lider dəyişikliyi deyil, dövlətçiliyimizin xilası, müstəqilliyimizin sarsılmazlığının təmin olunması və gələcəyə doğru inamlı addım idi.

O dövrün çətinliklərini nəzərə alsaq, bu seçimin əhəmiyyətini daha aydın dərk edirik. Müstəqilliyin ilk illərində ölkə hərc-mərclik, qeyri-peşəkar idarəçilik, daxili çəkişmələr və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Azərbaycanı fəlakətin bir addımlığından xilas edən məhz xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər oldu. O, qısa müddətdə sabitlik yaratdı, dövlət çevrilişlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələri zərərsizləşdirdi və ölkəni inkişaf yoluna çıxardı.

Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycanın siyasi-iqtisadi suverenliyi təmin olundu. “Əsrin müqaviləsi” kimi tarixi layihələr imzalandı, qlobal enerji və kommunikasiya xətləri reallaşdırıldı. Bu, ölkəmizi yalnız iqtisadi cəhətdən gücləndirmədi, həm də beynəlxalq aləmdə söz sahibinə çevirdi. Onun qətiyyətli xarici siyasəti nəticəsində Azərbaycan dünya birliyində nüfuzlu tərəfdaş statusu qazandı.

Ulu Öndərin dövlətçilik fəlsəfəsi sadəcə idarəçilik mexanizmi deyildi – bu, xalqı vahid ideya ətrafında birləşdirən azərbaycançılıq ideologiyası idi. Bu ideologiya həm ölkə daxilində milli həmrəyliyi möhkəmləndirdi, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlını ümumi məfkurə ətrafında topladı.

Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi mahiyyətini təsbit etdi. İnsan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti quruculuğu, iqtisadi islahatlar və bazar iqtisadiyyatına keçid Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsi oldu.

Bugünkü qüdrətli, sabit və beynəlxalq aləmdə nüfuzlu Azərbaycanın mövcudluğu 1993-cü il 3 oktyabr tarixində atılan o tarixi addımın nəticəsidir. Xalqın xilaskarlıq iradəsi ilə Heydər Əliyevin Prezident seçilməsi dövlətçilik tariximizdə dönüş nöqtəsi olmuş, milli müstəqilliyimizin əbədi və dönməz olduğunu təsdiqləmişdir.