YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi gün

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdə oldu. Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri onun iki əsas istiqamət üzrə formalaşması oldu: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi.

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqamət üzərində qurulub: Enerji və ticarət; rəqəmsal iqtisadiyyat və süni intellekt; təhlükəsizlik və müdafiə.  Xəzər regionunun zəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz və səmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla həyata keçirilməsində Donald Tramp administrasiyasının siyasi və diplomatik dəstəyi strateji əhəmiyyətə malik olub. Trampın praqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadi imkanların açılmasına şərait yaradıb.  ABŞ-ın qabaqcıl texnologiyaları və investisiyaları Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib. Bu əməkdaşlıq ölkənin iqtisadi transformasiyasını sürətləndirir və rəqəmsal iqtisadiyyatın şaxələndirilməsinə təkan verir, həmçinin innovativ sahələrdə əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır. Müdafiə sənayesi sahəsinə gəldikdə isə bu istiqamətdə  əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə və regional sabitliyin təmin olunması yönümündə  fəaliyyət davamlı surətdə dərinləşir. Bu, iki ölkənin strateji maraqlarının və təhlükəsizlik öhdəliklərinin uyğunlaşmasının əyani göstəricisidir.

Avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım  kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Ağ Evdə mətbuata bəyanatında “ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır” söyləyərək onu da xüsusi qeyd etdi ki, bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı  qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələri əhatə edir. Bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Azərbaycan-Amerika münasibətlərində yeni səhifənin açılmasından, səfər çərçivəsində imzalanan sənədlərin gələcək üçün vəd etdiyi uğurlardan geniş bəhs etdi. Təbii ki, əsas diqqət göstərilən hadisələrdən biri ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, həmçinin Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsinə xidmət edən razılaşmanın əldə olunması oldu. Ölkə Prezidenti qeyd etdi ki, əlbəttə, “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər: “Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir. O vaxt Azərbaycan qaçqınların sayı çox, iqtisadiyyatı isə bərbad vəziyyətdə olan kasıb ölkə idi. Nəticədə,biz sanksiyalar altında olan yeganə keçmiş Sovet İttifaqı respublikası idik. Sonra bildiyiniz kimi, 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ Hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. Biz isə çox vacib nəqliyyat yollarını, “Şimal Paylayıcı Şəbəkə” adlanan əlaqəni təmin etdik. Bu, təkcə hava uçuşları deyil, həm də quru və dəniz nəqliyyatını əhatə edirdi. Sonra hər il Amerika prezidentləri bu düzəlişin qüvvəsini dayandırırdılar, 2023-cü ilə qədər. Dayandırılmaması bizim üçün böyük şok oldu, çünki Bayden administrasiyasından belə bir yanaşma gözləmirdik”.

O da vurğulandı ki, Əfqanıstanda bizə ehtiyac olmadığına görə Bayden administrasiyası bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdığı dövrdə buna əl atdı. Bundan sonra bizə qarşı sanksiyalar yenidən qüvvəyə mindi. Bu, yəqin ki, Azərbaycana mənfi münasibətin və nankorluğun zirvəsi idi. Əslində, bu, Bayden administrasiyası ilə onların hakimiyyətinin sonuna qədər düzəlməyən əlaqələrimizin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Beləliklə, münasibətlərimiz dərin böhran içində idi.  Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var. Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin artıq aradan qalxdığını göstərir: “Beləliklə, bu, Prezidentin adından çox mühüm siyasi jest idi. Eyni zamanda, bu gün onun ofisində bu sənədlə bərabər, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənədi də imzaladıq. Bu iki mühüm hadisə bu gün baş verib. Buna görə də mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır”.

Göründüyü kimi, bu gün Donald Tramp Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində tarixi rol oynayır. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir.