YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitliyə hesablanmış tarixi səfər

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-nin Prezidentinin dəvəti ilə ABŞ-a rəsmi səfəri iki ölkə – Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında və bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyətli siyasi hadisə kimi yadda qaldı. Eyni zamanda bu səfər çərçivəsində imzalanan sənədlər, qəbul edilən qərarlar uzunmüddətli sülhə, sabitliyə aparan yolu işıqlandırdı.

Regionun lider ölkəsi Azərbaycanın Prezidenti cənab İlham Əliyev 2025-ci il avqustun 8-i, tarixi gün haqqida danışarkən bildirib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.

Cənab İlham Əliyevin Vaşinqtona işgüzar səfəri zamanı imzalanan "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" ABŞ-Azərbaycan əlaqələrində strateji tərəfdaşlığa yeni və uğurlu səhifələrin açılacağndan xəbər verir.

Avqustun 8-də reallaşan tarixi səfər regional sabitlik baxımından xüsusi əhəmiyyətə malik idi. Belə ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün İrəvanın Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməsi lazımdır. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ölkəmizə qarşı ərazi iddiaları yer alır.

ATƏT-in Minsk qrupunun fəaliyyəti de-fakto dayanıb. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi də təsdiqləndi. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Beləlilklə, çoxdan gözllənilən bölgənin kommunikasiyaların açılması məsələsi öz həllini tapdı.

Bəli, tarixi gündə Ağ Evdə paraflanan sülh sazişi bölgəyə sülhü, rifahı gətirəcək. İmzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmini təsdiq olunur. Yəni Zəngəzur dəhlizinin açılması reallaşır. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Onu da qeyd edək ki, sülh müqaviləsinin paraflanması həyata keçirilsə də bu, sülh müqaviləsinin imzalanması demək deyil. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq.

Qalib ölkəmizin qalib Prezidenti İlham Əliyevin diplomatiyası sayəsində 30 ildən çox müddət ərzində davam edən Azərbaycan-Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir.

“Azərbaycanla Ermənistan arasında imzalanmış saziş bizim niyyətimizi - sülh istədiyimizi açıq şəkildə nümayiş etdirir”. Prezident İlham Əliyevin Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirdiyi bu fikir təsdiq edir ki, imzalanan Birgə Bəyannamə ümumilikdə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istqamətində atılmış vacib addım olacaq.

2025-ci il avqustun 8-i reallaşan səfər isə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan qlobal siyasətdə söz sahibi olan, öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq təhlükəsizlik və əməkdaşlığa da töhfə verən bir dövlətdir.