Xəbərlər
YAP Pirallahı rayon təşkilatının əməkdaşları və fəalları Naxçıvan şəhərinə səfər edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının əməkdaşları və fəalları Naxçıvan şəhərinə səfər edib.
Səfər çərçivəsində iştirakçılar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Nümayəndə heyəti Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyaları, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və digər sərgilənən eksponatlarla tanış olub, onlara dair məlumat əldə ediblər.
Daha sonra YAP Naxçıvan şəhər təşkilatının qərargahında görüş keçirilib. Hər iki yerli təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, ideoloji-təbliğat işinin günün tələbləri səviyyəsində təşkili ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Tədbirin davamı olaraq Möminə Xatun türbəsi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Heydər Məscidi, “Əshabi-Kəhf” ziyarətgahı ziyarət olunub.
Naxçıvan Muxtar Respublikasına səfər və tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.
