YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib, bütövləşən Azərbaycanın mediası yeni dövrünü yaşayır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi yoluna qədəm qoydu. Təbii ki, ölkə mətbuatı da  bu inkişafdan kənarda qalmadı.  Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız  özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, Azərbaycanın ilk yazılı mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il  Azərbaycan milli mətbuatı 150 yaşını qeyd edir.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Tarixi Zəfərimiz əlaqələrdə yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Daim dünyaya dostluğun, qardaşlığın və müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi mətbuat sahəsində də özünün aydın ifadəsini tapdı.  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edildi.  Raşılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Ortaq Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması əsasdır.

Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.

30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir.

Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək. Mətbuatımızın bütün yeniliklərin ölkə ictimaiyyətinə çatdırılması istiqamətində  göstərdiyi səylər hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir.