Xəbərlər
Milli Məclisin deputatı gənclərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ideologiyasında gənclərin inkişafı” mövzusunda gənclərlə görüş keçirib.
Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala nümayəndəliyinin koordinatoru İlkin Həbilov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və YAP Zaqatala təşkilatının nümayəndələri, fəal gənclər iştirak ediblər.
Asif Əsgərov çıxış edərək gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. O vurğulayıb ki, dövlət gənclər siyasəti bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Vurğulanıb ki, gənclərimiz ölkəmizin gələcəyidir və onların bilikli, vətənpərvər, təşəbbüskar və milli dəyərlərə bağlı ruhda yetişməsi dövlətin əsas prioritetlərindən biridir.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.