Xəbərlər
Zəfər tarixi yaratmış Azərbaycan Ordusu milli qürur mənbəyimizdir

Nurlan Həsənov
Milli Məclisin deputatı
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalqımız üçün həm mənəvi, həm də tarixi baxımdan mühüm əhəmiyyət daşıyır. Hər bir vətəndaşın həmin əlamətdar günlə bağlı hiss etdiyi böyük qürur hissi, vətənpərvərlik və birlik duyğusu dövlətçilik dəyərlərimizin nə qədər güclü olduğunu göstərir.
Azərbaycanın hərbi kadr potensialının formalaşması və silahlı qüvvələrin inkişaf yolu dərin tarixi köklərə malikdir. Ulu Öndər Heydər Əliyev 1969-cu ildən respublikaya rəhbərlik etdiyi dövrdə milli zabit kadrlarının hazırlanmasına böyük diqqət yetirmişdi. 1971-ci ildə təsis olunan Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordunun zəruri kadr ehtiyacının qarşılanmasında vacib rol oynadı. Azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində təhsil alıb, daha sonra SSRİ-nin ən nüfuzlu hərbi institutlarına qəbul olunaraq gələcəkdə hərbi sahədə peşəkar rol aldı.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsinə baxmayaraq, nizami ordu formalaşdırılmamış, müxtəlif regionlarda ayrı-ayrı silahlı dəstələr yaranmışdır. Ölkədə yaşanan siyasi böhran ordunun vahid komandanlıq sistemindən məhrum olmasına, daxili sabitliyin zəifləməsinə və Ermənistanın işğal siyasətini həyata keçirməsi üçün əlverişli şəraitin yaranmasına səbəb olmuşdur. Xalqın dəstəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində respublikada ictimai-siyasi sabitlik tam təmin olunmuş, qeyri-qanuni silahlı dəstələr ləğv edilmiş, orduya intizamlı struktur gətirilmiş, milli təhlükəsizlik sahəsində fundamental islahatlar həyata keçirilmişdir.
1994-cü il 12 may tarixində Ermənistanla imzalanan atəşkəs sazişi nəticəsində Azərbaycanda nizami ordu quruculuğu strategiyasının daha sistemli və planlı şəkildə həyata keçirilməsi üçün imkan yarandı. Bu dövrdə ordunun maddi-texniki təchizatı gücləndirildi, müasir silah-sursat, rabitə vasitələri, hərbi infrastruktur quruldu. Eyni zamanda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və vətənpərvərlik ruhunun artırılmasına da diqqət göstərildi. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. 1998-ci ilin 22 may tarixli Fərmanla Ulu Öndər Heydər Əliyev tərəfindən 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi, bu bayram ölkəmizdə hər il dövlət səviyyəsində geniş şəkildə qeyd olunur.
Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğunda yeni bir dövrün əsası qoyuldu. Silahlı Qüvvələrin döyüş bacarığı, peşəkarlığı və texniki imkanları bu dövrdə xeyli dərəcədə artdı. Hərbçilər yeni təlimlərdə iştirak etdi, döyüş və psixoloji-həyat təcrübəsi üçün kurslar keçirildi, sosial təminat sistemini gücləndirildi. Eyni zamanda ölkədə hərbi sənaye kompleksi formalaşdırıldı.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Həmin ilin 10 noyabr tarixində imzalanan Üçtərəfli Bəyanatla düşmənin kapitulyasiyası rəsmiləşdi. Bu Qələbə təkcə hərbi-strateji deyil, həm də milli iradə və birlik baxımından tarixi hadisə oldu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunması şəxsi heyətə ayrılan ali diqqətinin təcəssümüdür. Azad edilmiş şəhərlərdə “İşğal” və “Zəfər” muzeylərinin tikintisi davam edir, bu faktor həm şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, həm də gələcək nəsillərin milli yaddaşının formalaşması baxımından mühüm addımdır.
Vətən müharibəsində toplanan real döyüş təcrübələri əsasında çevik, sürətli və yüksək effektiv əməliyyatlar həyata keçirmək qabiliyyətinə malik Komando qüvvələri formalaşdırıldı. Bu xüsusi təyinatlı birliklər yüksək hazırlıq səviyyəsi, taktiki çeviklik və operativ reaksiya sürəti ilə seçilir, ordumuzun hərbi ehtiyatlılıq və müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirir. Komando hərbi hissələrinin yaradılması Azərbaycanın strateji müdafiə qabiliyyətini daha da möhkəmləndirərək müxtəlif mürəkkəb şəraitlərdə uğurlu əməliyyatların icrasını təmin edir.
2023-cü ilin 19 sentyabrında Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu və dövlət suverenliyi tam şəkildə bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatlar zamanı separatçı silahlı birləşmələr tamamilə zərərsizləşdirildi və təslim olmağa məcbur oldular. Bu uğurlu əməliyyatlar dövlətimizin gücünü və ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Hazırda Azərbaycanda minlərlə hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsullar həm daxili ehtiyacları təmin edir, həm də xarici bazarlara uğurla təqdim edilir. Ölkəmizin hərbi sənayesi beynəlxalq sərgilərdə geniş nümayiş olunmaqla, ölkəmizin müdafiə potensialını dünyaya tanıdıb. Bu, Azərbaycanın regionda strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə və müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə zəmin yaradır. Nəticədə ölkəmizin müdafiə potensialı və beynəlxalq mövqeyi daha da güclənir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalq-ordu-iqtidar birliyinin əlamətdar ifadəsidir. Bu gün Azərbaycan həm güclü orduya, həm də dayanıqlı sabitliyə malikdir. Milli həmrəylik və siyasi qətiyyət sayəsində ölkəmiz inkişaf yolunda inamla irəliləyir.