Xəbərlər
Ordu quruculuğu: səmərəli islahatlar, uğurlu nəticələr
Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri
Bu gün şanlı Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür. 107 il öncə, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz suverenliyini təmin etmək, onu möhkəmləndirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul etdi. Cəmi 22 ay ərzində hələ tam formalaşmamış Azərbaycan Silahlı Qüvvələri Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğaldan azad edilməsinə nail oldu. Qarabağda və Qərbi Zəngəzurda baş qaldırmış separatçı erməni daşnak dəstələrinin başını əzdi.
Sovet dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılıb. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Ordusunun yaranmasında yaxından iştirak etdilər. Ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. C.Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif edilib. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb.
XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan ölkəmiz ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu. 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi. 22 may 1998-ci ildə ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi. 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalandı.
2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirildi. Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində saxlanıldı.
Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.
“Aprel döyüşləri”, “Günnüt əməliyyatı” “Tovuz hadisələri” nəticəsində cinayətkar erməni rəhbərlərinin “keçilməz erməni səngərləri” haqqında mifi alt-üst edildi. Bütün dünya, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun gücünə, qələbə əzminə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarında olduğuna şahid oldu.
30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi.
Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi.
Lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə, Novruz tonqalını alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi. İşğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var.
Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əzmi, atdığı müdrik və qətiyyətli addımlar sayəsində regionda sülh və sabitlik təmin edilib. Həm ölkəmiz həm də region xalqları üçün yeni perspektivlər yarandı. Vətən müharibəsi bütün dünyaya azərbaycanlıların azadlıqsevər, mütərəqqi, mərd xalq olduğunu nümayiş etdirdi. Hər kəsə xəyal kimi görünən artıq gerçəkliyimizə çevrilib.