Xəbərlər
Azərbaycanın enerji siyasəti möhkəm iqtisadi təməllərə söykənir

“Müstəqil Azərbaycanın inkişaf konsepsiyasında enerji strategiyası müstəsna yer tutur. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Bu gün Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir”.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputat bildirib ki, iyunun 24-də Mingəçevir şəhərində dövlətimizin başçısı tərəfindən “8 Noyabr” Elektrik Stansiyasının açılışı da ölkəmizin enerji siyasətinin davamlı uğurlarının növbəti nümunəsidir. Bu stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.
Millət vəkilinin sözlərinə görə, “8 Noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İstilik Elektrik Stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurulub. Əlavə olaraq 65,6 kilometr uzunluğunda “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb. O cümlədən stansiyada yanğından mühafizə, havalandırma, rəqəmsal idarəetmə, monitorinq və digər zəruri infrastruktur yaradılıb. Adətən, bu cür böyük stansiyaların tikintisi 3-5 ilə icra edildiyi halda, Azərbaycan bunu 2 il ərzində həyata keçirə bildi. Dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub.
Fatma Yıldırım qeyd edib ki, bu hadisə ölkəmizin güclü enerji potensialını nümayiş etdirir. Prezident İlham Əliyevin dediyi kimi, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir: “Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hamımız görürük. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Daha dəqiq desək, bu gün güclü Azərvaycan dövləti Avropanın enerji xəritəsini dəyişməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan elektrik enerjisi ixrac etmək potensialına sahibdir. Şübhəsiz ki, bu yöndə görülən işlər tezliklə öz nəticəsini verəcək”.