Xəbərlər
Enerji siyasətində yeni mərhələ: qarşıdakı dönəm yeni strateji uğurlar vəd edir

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Azərbaycan enerji sektorunda həyata keçirdiyi uğurlu siyasət və strateji layihələrlə dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. İyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu siyasətin yeni mərhələyə keçidini, ölkənin enerji sahəsindəki texnoloji və təşkilati yetkinliyini, eləcə də beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf modelini parlaq şəkildə nümayiş etdirir.
1880 meqavat generasiya gücünə malik olan bu stansiya Azərbaycanın tarixində ən iri enerji layihəsi olmaqla bərabər, dünya təcrübəsində də nadir hallarda rast gəlinən bir sürətlə – cəmi iki il ərzində tam şəkildə inşa edilib. Məlumdur ki, bu səviyyədə gücə malik enerji obyektlərinin inşası adətən 3-5 il, bəzən isə daha uzun müddət tələb edir. Bu uğur Azərbaycanın daxili mühəndislik resursları, təşkilati çevikliyi və beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığının nəticəsi kimi dəyərləndirilir.
Yeni stansiyanın istifadəyə verilməsi Mingəçevirin Azərbaycanın energetika sektorundakı mərkəzi mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirin payına düşür. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sovet dövründə Qafqazın aparıcı enerji mərkəzlərindən birinə çevrilən bu şəhər hazırda müasir texnologiyalara əsaslanan güclü enerji infrastrukturu ilə ölkənin iqtisadi inkişafına töhfə verməkdədir.
Layihənin həyata keçirilməsində İtaliya və Çin kimi dünyanın qabaqcıl ölkələrinin şirkətləri iştirak etmişdir. Bu əməkdaşlıq Azərbaycan ilə həmin ölkələr arasında strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib. İtaliya artıq uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xüsusilə neft-qaz sahəsində geniş əməkdaşlıq mövcuddur. Çin isə son illərdə ölkəmizin bərpaolunan enerji layihələrində əsas texnologiya və təchizat təminatçısı kimi çıxış edir. “8 Noyabr” Elektrik Stansiyası bu iki ölkə ilə yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin praktiki nəticəsi kimi qiymətləndirilə bilər. Açılış mərasimində dövlətimizin başçısı qeyd edib ki, strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq”.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, şərti yanacaq sərfiyyatını da azaldacaq. Bu isə Azərbaycan üçün yalnız daxili iqtisadi qənaət deyil, eyni zamanda beynəlxalq bazarlara daha çox təbii qaz ixrac etmək imkanı deməkdir. Məlumdur ki, Azərbaycanın qaz ixracı hazırda 12 ölkəni əhatə edir və bunların 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu fakt ölkəmizin Avropa üçün etibarlı qaz təchizatçısı kimi mövqeyini daha da gücləndirir və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır”.
Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biri də yaşıl enerji istehsalıdır. “8 Noyabr” kimi müasir texnologiyalı stansiyalar bu keçidə mühüm dəstək verir, çünki onlar təbii qaz sərfiyyatını azaldaraq yaşıl enerjiyə daha çox yer ayırmağa şərait yaradır. Bu, həm daxili enerji balansının diversifikasiyasına, həm də ixrac üçün əlavə qaz ehtiyatlarının formalaşmasına imkan yaradır. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər: “Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır”.
Bugünkü gərgin beynəlxalq vəziyyət fonunda – xüsusilə enerji infrastrukturlarının tez-tez hücuma məruz qaldığı və enerji qiymətlərinin qeyri-sabit olduğu bir dövrdə Azərbaycan enerji sistemində sabitlik, dayanıqlılıq və çeviklik nümayiş etdirir. “8 Noyabr” Stansiyası həm daxili istehlakı təmin etmək, həm də ixracı artırmaq baxımından strateji resursdur.
Stansiyanın adının “8 Noyabr” seçilməsi xüsusi rəmzi məna daşıyır. Bu, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfər Günüdür, məhz həmin gün Şuşa şəhəri azad olunaraq Böyük Qələbənin rəmzinə çevrilmişdi. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi stansiyanın yalnız texniki və iqtisadi deyil, həm də siyasi-ideoloji və milli qürur nöqteyi-nəzərindən böyük önəm daşıdığını göstərir. Beləliklə, “8 Noyabr” Stansiyası Azərbaycanın yalnız enerji sisteminə deyil, eyni zamanda milli yaddaşına və qələbə ruhuna verilmiş dəyərdir.
Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir. Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq.