YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir

Heydər Əsədov

Milli Məclisin deputatı

İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın energetika tarixinin mühüm hadisələrindəndir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bərpaolunan enerji resurslarından daha səmərəli istifadə və ölkəmizin beynəlxalq enerji bazarlarında mövqeyinin güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.

“8 Noyabr” Elektrik Stansiyası 1880 meqavat gücə malik olmaqla ölkənin ən böyük elektrik stansiyasıdır. Bu stansiya həm generasiya gücünün artımına, həm də enerji sisteminin səmərəliliyinin yüksəlməsinə xidmət edir. Eyni zamanda, enerji resurslarının daha qənaətli istifadəsinə şərait yaradır, şərti yanacaq sərfiyyatını kəskin azaldır və təbii qazın ixrac imkanlarını genişləndirir. Bu isə Azərbaycanın dünya enerji bazarlarında rolunu daha da gücləndirir.

Mingəçevirin enerji mərkəzi kimi tarixi 1970-ci illərdən başlayır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə təməli qoyulmuş “Azərbaycan” İstilik Elektrik Stansiyası o dövrdə Cənubi Qafqazda əhəmiyyətli enerji mənbəyi sayılırdı. 1981-ci ildə istifadəyə verilmiş ilk blok və daha sonra ardıcıl istifadəyə verilən bloklar Azərbaycanın enerji ehtiyaclarını qarşılamaq baxımından mühüm rol oynayıb. Hətta müstəqilliyin ilk illərində ölkədə ciddi enerji qıtlığı müşahidə olunarkən bu stansiya fasilələrlə də olsa, əhaliyə və müəssisələrə enerji verməyə davam edirdi.

“8 Noyabr” Elektrik Stansiyasının tikintisi yalnız texniki nailiyyət deyil, həm də uğurlu beynəlxalq əməkdaşlığın nümunəsidir. İtaliya və Çin şirkətlərinin iştirakı ilə iki il kimi rekord müddətdə inşa olunan bu stansiya Azərbaycan energetiklərinin yüksək peşəkarlığının və təcrübəsinin nəticəsidir. Bu əməkdaşlıq müxtəlif ölkələrdən olan mühəndis və texniki mütəxəssislərin səyləri nəticəsində ən müasir texnologiyaların tətbiq olunmasını və layihənin dünya standartlarına uyğun həyata keçirilməsini təmin edib. Layihənin sürətli və keyfiyyətli icrası Azərbaycanın sənaye və enerji infrastrukturunda beynəlxalq tərəfdaşlıqların nə dərəcədə səmərəli nəticələr verdiyini əyani şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında bu əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmiş, xüsusilə İtaliya və Çin ilə energetika sahəsində uzunmüddətli və qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulamışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq”.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Azərbaycanın 12 ölkəyə – onlardan 10-u Avropa ölkəsi olmaqla qaz ixrac etməsi və bu şəbəkənin genişlənməsi dövlətimizin bu qitənin enerji təminatında etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Yeni elektrik stansiyalarının, xüsusilə də “8 Noyabr” kimi yüksək gücə malik obyektlərin istismara verilməsi Azərbaycanın həm daxili enerji təhlükəsizliyini təmin edir, həm də ixrac imkanlarını artıraraq ölkənin geosiyasi əhəmiyyətini yüksəldir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji strategiyasının yalnız bir hissəsidir. Ölkəmiz 2030-cu ilə qədər 6500 meqavat gücündə bərpaolunan enerji istehsalını hədəfləyir. Hazırda ümumi generasiya gücü 9000 meqavat olan Azərbaycanda bu amil enerji balansında yaşıl enerjinin payının ciddi şəkildə artmasına səbəb olacaq. Bu faktor həm ekoloji, həm də iqtisadi baxımdan önəmli bir addımdır. Əldə edilən təbii qaz qənaəti də ixracı artırmaqla əlavə gəlir mənbəyi yaradır.

Dünya miqyasında enerji infrastrukturlarına edilən hücumların, siyasi qeyri-sabitliyin və münaqişələrin fonunda Azərbaycanın bu sahədə sabitlik və inkişafı təmin etməsi strateji əhəmiyyət daşıyır. Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Mingəçeviri bombalamaqla Azərbaycanın enerji infrastrukturlarını hədəf almış, lakin buna nail ola bilməmişdir. Bu gün həmin ərazilərdə ən müasir və güclü enerji obyektlərinin inşası düşmənə verilmiş strateji cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə: “Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur”.

Stansiyanın “8 Noyabr” adlandırılması da simvolik məna daşıyır, bu tarix – 8 Noyabr 2020-ci il xalqımızın şanlı Zəfər Günüdür. Məhz həmin gün Şuşa şəhərinin azad olunması ilə İkinci Qarabağ müharibəsində strateji üstünlük əldə olunmuş və bu savaş Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Prezident İlham Əliyev stansiyanın adının seçimində bu simvolikliyi vurğulamış, “Zəfər xalqımıza, dövlətimizə yaraşır” ifadəsi ilə bu layihənin milli qürur mənbəyi olduğunu diqqətə çatdırmışdır.

“8 Noyabr” Elektrik Stansiyası dövlətimizin enerji müstəqilliyini və ixrac gücünü artırmaqla yanaşı, texnoloji və mühəndislik bacarığının da göstəricisidir. Beləliklə, bu layihə düşünülmüş və sistemli siyasətin nəticəsidir. Azərbaycanın milli maraqlarını qoruyan, iqtisadi dayanıqlılığını gücləndirən və qlobal enerji bazarlarında aparıcı rola malik bir dövlət kimi irəliləməsinin ən parlaq nəticələrindən biri məhz bu stansiyadır. “8 Noyabr” adı bu stansiyanın yalnız texniki gücünü deyil, həm də xalqın iradəsini və tarixi Zəfərini özündə əks etdirir.

DİGƏR Xəbərlər Arxiv