Xəbərlər
Göygöldə Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi Tədqiqat İstitutu, Kardiorevmatoloji Sanatoriya, Peşə Məktəbi və digər ərazi partiya təşkilatlarında 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.
Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilat sədrləri Mahir Hacıyev, Kamil Hüseynov, Kəmalə Nəhmədova, şəhid atası Eldar Əhmədov, müharibə iştirakçısı Məlahət Bayramova, partiya fəalları Humay Quliyeva, Vüsalə Əliyeva, Sevinc Hacıyeva, Raisa Abdullayeva və digərləri çıxış edərək 15 İyun tarixinin Azərbaycan xalqının taleyində böyük önəm daşıdığını deyiblər. Qeyd olunub ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin qürur səhifəsidir.
Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı.