YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun – Milli Qurtuluş Günü: məğlubiyyəti qələbəyə çevirən gün

Mənim həyatım da, fəaliyyətim də yalnız və

 yalnız Azərbaycanın müstəqilliyinin

 qorunub saxlanmasına, ölkəmizin bu

  ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır!

Heydər Əliyev

Azərbaycan Xalqının Ümummilli Lideri

Ramid Namazov

Milli Məclisin deputatı

15 iyun 1993-cü il Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin qayıdış və xilaskarlıq missiyasının rəmzinə çevrilmiş Milli Qurtuluş Günü həm də əsl müstəqilliyimizin bərqərar olmasının rəmzidir.

Qurtuluşa gedən yol çətin və sınaqlı mərhələlərdən keçib. Bu yol Azərbaycanın ayrılmaz bölgəsi olan Naxçıvan Muxtar Respublikasından başlamışdı. Ulu Öndərin rəhbərlik etdiyi Naxçıvan müstəqil Azərbaycan dövlətinin milli mübarizəsinin, müstəqillik ideallarının yarandığı və yaşandığı, ali məqsədə çatmaq üçün siyasi bünövrə və möhtərəm məbədgah idi. Heydər Əliyev böyük dövlətçilik təcrübəsini müstəqillik dövrünün yeni tələbləri ilə zənginləşdirməyə, Naxçıvanın tarixi inkişafında əvəzedilməz bir səhifə yazmağa nail olmuşdu.

Naxçıvan Heydər Əliyevin rəhbərliyi ilə sabit inkişaf yolu ilə davam etsə də, ölkəyə “rəhbərlik” edən AXC-Müsavat iqtidarının səriştəsiz kadrlarının yarıtmaz idarəçiliyi sayəsində Azərbaycan sosial-iqtisadi tənəzzüllə üzləşmiş, xarici siyasət tam iflasa uğramış, qonşularla münasibətlər korlanmış, ölkə demək olar ki, təcrid olunmuş vəziyyətə salınmışdı. Ölkədəki qarşıdurma və böhran fəlakət həddinə çatmış, xalqın dirənişi kəskin artmış, “Elçibəy hakimiyyəti”nə olan etibar tamamilə sarsılmışdı.

Azərbaycanın düşdüyü kritik vəziyyəti düşünən ziyalılar, sıravi vətəndaşlar nəhəng siyasi xadim, çoxəsrlik dövlət irsinin mirasını üzərinə götürmüş Ümummilli Liderə sığınmaq, onun dərin zəkasından nicat almaq üçün Muxtar Respublikaya axışır, aramsız müraciətlərlə Azərbaycanın uçuruma gedən müqəddəratını öz çiyinlərinə götürməyi xahiş edirdilər.

Xalq qanı və canı bahasına əldə etdiyi müstəqilliyinə, dövlətçiliyinə sahib çıxa biləcək yeganə və əvəzsiz lider Heydər Əliyevə istinad və inam səcdəgahı kimi baxırdı. Bu səbəsiz deyildi, Heydər Əliyev birinci hakimiyyəti dövründə geriliyə və tənəzzülə gedən Azərbaycanı xilas etmişdi, ali rəhbər olmaqla yanaşı, 7080-ci  illərdə  milli oyanışın, özünüdərkin və milli azad düşüncənin, dövlətçilik ideologiyasının, intibahın əsasını qoymuşdu. Xalq həmişə onu müdafiə etmişdi və o, ağır bir dönəmdə xalqın yenidən inam və güvən yerinə çevrilmişdi. Lnssanlar inandıqları, etibar etdikləri Liderin birinci dövrdəki şərəfli missiyasını yenidən davam etdiriməsini istəyirdilər.

Bu baxımdan 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılarının Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciəti və noyabrda milli siyasi hərəkatın avanqardı olan Yeni Azərbaycan Partiyasının yaranması yeni mərhələnin başlanğıcını qoydu.

Ulu Öndərin hakimiyyətə qayıdışı üçün xalqın bir ildən çox davan edən israrlı təkidlərinin qarşısını hər vəchlə almağa çalışan AXC-Müsavat iqtidarı Azərbaycanın fəlakətdən xilas ola bilməyəcəyini anlayaraq Heydər Əliyevin Bakıya gəlməsini istəyirdi. Naxçıvana edilən telefon zəngləri və xahiş teleqramları bitmirdi. Ümummilli Lider isə, öz növbəsində, doğma Vətənini dar gündə tək qoya bilməzdi. O, bu ağır dövrdə öz həyatını riskə ataraq canından əziz sevdiyi Azərbaycanın nicatına yetişdi.

Nəhayət, 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, 15-də isə Ali Sovetin (parlamentin) sədri seçildi. Parlamentin həmin gün keçirilən iclasında Heydər Əliyev bildirirdi ki, “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.

1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində o, Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, dayanqlı sabitlik, asayiş, əmin amanlıq dönməz xarakter aldı, vətəndaşların dinc həyat ritmi bərpa olundu. Dağınıq və müxtəlif qüvvələrə tabe olan hərbi birləşmələrin yerində nizami və peşəkar ordu quruculuğu bərqərar oldu, I Qarabağ müharibəsində atəşkəs əldə edildi və Azərbaycan milli inkişaf hədəflərini həyata keçirmək imkanı qazandı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” adlanan saziş Azərbaycanın milli inkişafının, gələcək misilsiz uğurlarının möhkəm sütunlarından birinə çevrildi.

Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu, azad bazar iqtisadiyyatının bərqərar olması üçün qətiyyətli islahatlar həyata keçirildi, çoxpartiyalı sistem yaradıldı. 1995-ci ildə ilk parlament seçkilərinin keçirilməsi və müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə genişşaxəli inkişafa yol açan hüquqi təminatlar formalaşdı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus layiqli yeri müəyyənləşdi və dünya birliyinə inteqrasiyası prosesi başlandı. Beləliklə, milli qurtuluş ideologiyası müstəqil Azərbaycanın inkişafında əbədi və dönməz yol xəritəsinə çevrildi.

15 iyun müstəqil Azərbaycanın dövlətçilik irsində öz layiqli yerini tutdu, parlamentin qəbul etdiyi müvafiq qərara əsasən, 1997-ci ildən etibarən Milli Qurtuluş Günü rəsmi bayram kimi qeyd edilməyə başlandı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günün tarixi-siyasi əhəmiyyətini yüksək dəyərləndirərək bəyan edib ki, “Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Ümummilli Liderin əsasını qoyduğu unikal kurs Prezident İlham Əliyevin əvəzolunmaz fitri idarəetmə istedadı, uzaqgörən siyasi fəhmi və mükəmməl iqtisadi praqmatizmi sayəsində uğurla davam etdirilək Azərbaycanın yeni inkişaf konseptinə çevrildi. Cənab Prezident  Heydər Əliyevin bütün arzu və amallarını, ən ali və ülvi niyyəti olan işğal altında olan ərazilərin azad edilməsi vəsiyyətini yerinə yetirmək üçün bütün gücünü sərf etdi, dünya birliyinin uzun illər davam edən haqsızlıqlarına, təzyiq və ədalətsiz təkliflərinə sinə gərdi. O nə siyasət, nə də döyüş meydanda bir addım geri çəkilmədi, sarsılmaz qətiyyəti və nəhayətsiz səbri ilə beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini bəyan etdi – Ermənistan işğal etdiyi torpaqların hər bir qarışını azad etməlidir!

Prezident İlham Əliyev möhkəm inamla və dəmir iradə ilə Azərbaycanın artan iqtisadi qüdrətini məharətlə peşəkar və nümunəvi ordu quruculuğuna yönəltdi. Xarici havadarlarına arxalanaraq yeni ərazi iddialarına düşən Ermənistanın 2020-ci ildəki təxribatları onun səbrinin son damlası oldu.

Onun rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 günlük Vətən savaşında Zəfər qazanaraq Qarabağ və Şərqi Zəngəzuru 30 illik əsarətdən xilas etdi və Heydər Əliyevin ən müqəddəs arzusunu yerinə yerirdi. 2023-cü ildə bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan torpaqlarında qanunsuz erməni rejiminin kökü birdəfəlik kəsildi, Azərbaycan xalqının 200 illik ali missiyası həyata keçirildi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevlə başlayan Qurtuluş Zəfəri Qarabağ Zəfəri ilə tamamlandı, müstəqil Azərbaycanın suverenliyinin, Konstitusiya quruluşunun da bütövləşməsi ilə yekunlaşdı.