Xəbərlər
Laçın Zirvəsi: üçtərəfli əməkdaşlıq platforması mühüm beynəlxalq faktor kimi

Nurlan Həsənov
Milli Məclisin deputatı
Mayın 28-də Laçında üç dost və qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü dünyanın diqqət mərkəzindədir. Dövlət başçıları Zirvə görüşündə mühüm məqamlara toxunaraq olduqca önəmli mesajlar verdilər. Prezident İlham Əliyev Azərbaycanın regional əməkdaşlıqda əsas söz sahibinə çevrildiyini qətiyyətlə vurğulayaraq bölgədə sabitlik və təhlükəsizliyin təminatçısı, etibarlı tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyini, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərini və gələcəyə yönəlmiş prioritet hədəfləri qeyd etdi.
Prezident İlham Əliyev Laçında çıxışı zamanı Azərbaycanın son illərdə keçdiyi çətin, lakin qürurverici tarixi yolun əsas məqamlarını diqqətə çatdırıb. İşğala məruz qalmış, lakin heç vaxt əyilməmiş bir xalqın dirənişi, hərbi-siyasi diplomatiyanın uğurlu sintezi və milli birliyə söykənən zəfər dövlət başçısının nitqinin əsas xəttini təşkil edib. Eyni zamanda, tərəfdaş ölkələrlə gələcək münasibətlər, ortaq təhlükəsizlik arxitekturası və ədalətə əsaslanan qlobal nizam qətiyyətlə ifadə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına səfəri çərçivəsində tədbirlərdə iştirakı üçtərəfli əməkdaşlıq formatının yüksələn xətt üzrə inkişaf etdiyini, bu əlaqələrin ortaq maraqlar və qlobal çağırışlara qarşı vahid mövqe əsasında qurulduğunu bir daha nümayiş etdirir.
Laçında baş tutan üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinə, ümumilikdə isə regionda formalaşan yeni əməkdaşlıq modellərinə dair ciddi mesaj idi. Bu platforma milli maraqlara əsaslanmaqla yanaşı, regional sabitlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn aliliyi prinsiplərini özündə ehtiva edir. Üç qardaş ölkənin eyni platformada həmrəylik nümayiş etdirməsi digər dövlətlər üçün də yeni və effektiv inteqrasiya modellərinə örnəkdir. Bu əməkdaşlığın əsasını xalqlar arasında mövcud olan dərin mədəni və tarixi əlaqələr təşkil edir. Ortaq dəyərlər, bənzər tarixlər və oxşar strateji məqsədlər bu birliyi daha da gücləndirir. Həmrəylik həm də xalqlar arasında qarşılıqlı etimada və qardaşlıq münasibətlərinə əsaslanır. Laçında bir daha aydın oldu ki, bu münasibətlər sabitliyin, ədalətin və inkişafın möhkəm təminatçısıdır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə Azərbaycanın Vətən müharibəsində apardığı mübarizəyə Türkiyə və Pakistanın göstərdiyi prinsipial və mənəvi-siyasi dəstək xalqımız tərəfindən təqdir olunur. Bu dəstək həm də beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin qətiyyətlə müdafiə olunması ilə konkret nəticələrə gətirib çıxarıb. Postmünaqişə dövründə isə bu həmrəylik daha da möhkəmlənərək regional layihələrin həyata keçirilməsində özünü aydın şəkildə göstərir.
Son illərdə təhlükəsizlik, enerji və geosiyasi proseslərin mərkəzinə çevrilmiş Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq modeli strateji əhəmiyyət qazanmaqdadır. Bu format yalnız siyasi həmrəyliyi ifadə etmir, eyni zamanda hərbi, enerji, nəqliyyat, ticarət və təhsil sahələrində konkret layihələrə əsaslanan funksional əməkdaşlıq platforması rolunu oynayır.
Bütövlükdə, Laçın Zirvəsi ortaq məqsədlər uğrunda birgə irəliləyən, qlobal proseslərdə öz sözünü deyən müstəqil dövlətlərin yeni bir ittifaq modelinin başlanğıcına çevrilib. Azərbaycanın təşəbbüskarlığı, Türkiyə və Pakistanın qətiyyətli dəstəyi ilə bu üçtərəfli əməkdaşlıq gələcəkdə qlobal müstəvidə mühüm təsirə malik strateji platformaya çevriləcək.