Xəbərlər
Astarada 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Astara Pedaqoji Kollecində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı, Astara Pedaqoji Kolleci və Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara Təhsil Sektorunun təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatı üzrə 7 saylı ərazi partiya təşkilatının sədri, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov bildirib ki, respublikamızda müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir, dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir: “Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci ilin payızında Azərbaycanın dövlətçilik qüdrəti tarixə yazılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoyulub. Yüz illər ötəcək, amma bu Zəfər tarixdən silinməyəcək. 2022-ci ilin avqust, sentyabr və 2023-cü ilin antiterror əməliyyatı ilə bağlı hadisələri də təsdiqləyib ki, güclü Azərbaycan Ordusu ölkəmizin dövlət müstəqilliyini qorumağa qadirdir”.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov qeyd edib ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir: “Çünki, dövlətimizin idarəçilik sükanı arxasında Ümummilli Lider Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı, Prezident İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyev ilə xalqımız yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Sonra tədbir musiqili proqramla davam etdirilib.
Sonda kollecin bir qrup müəllim və tələbələri YAP Astara rayon təşkilatının fəxri fərmanları və diplomları ilə təltif olunublar.