Xəbərlər
Yasamal rayonunda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizdə səhiyyə sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkənin bütün bölgələrində müasir tibb müəssisələri yaradılır, səhiyyə infrastrukturunun yenilənməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, hər il 17 iyun tarixinin Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması səhiyyə sahəsinə verilən yüksək dəyərin göstəricisidir. O, son illərdə ölkədə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və insan sağlamlığının qorunması istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov çıxışında Azərbaycan səhiyyəsinin son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, dövlət tərəfindən səhiyyəyə ayrılan vəsaitin artırılması, müasir infrastrukturun yaradılması və kadr potensialının gücləndirilməsi sahənin inkişafına mühüm töhfə verir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tibb işçilərinin cəmiyyət üçün əvəzsiz xidmətlər göstərdiyini vurğulayaraq, onların peşəkarlığının və fədakarlığının yüksək qiymətləndirildiyini bildirib. O, ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bu sahənin davamlı inkişafını təmin etdiyini qeyd edib.
Çıxışlarda Azərbaycan səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsindəki fəaliyyəti xüsusi vurğulanıb. Həmçinin tibb işçilərinin Vətən müharibəsi və sonrakı dövrdə göstərdikləri fədakarlıq yüksək qiymətləndirilib.
Sonra 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup səhiyyə əməkdaşına fəxri fərmanlar təqdim olunub
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
