Xəbərlər
Azərbaycan-Macarıstan əlaqələri möhkəm təməllər üzərində qurulub

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi regional inteqrasiyanın və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə işarə edir. Bu sammit yalnız üzv dövlətlərin deyil, həm də müşahidəçi ölkələrin aktiv iştirakı ilə Türk dünyasında birliyin güclənməsinə və qlobal arenada ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Macarıstanın ilk dəfə təşkilata ev sahibliyi etməsi və “Şərq və Qərbin görüş nöqtəsi” mövzusu, həm geosiyasi, həm də mədəni baxımdan əhəmiyyətli bir dialoqun əsasını qoyur. Budapeştdə keçirilən bu görüş Türk Dövlətləri Təşkilatının strateji hədəflərini daha da irəli aparmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Macarıstan arasında tarixi və strateji oxşarlıqlar, habelə müstəqil siyasət yürütmək bacarığı əlaqələrin güclü təməlini təşkil edir. Bu yaxınlıq və oxşarlıqlar Azərbaycan-Macarıstan əməkdaşlığını çoxşaxəli - diplomatik, iqtisadi və nəqliyyat sahələrində inkişaf etdirmək üçün əsas yaradır.
TDT-nin ilk qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda – Şuşada keçirilməsi, sonra isə Macarıstanda davamının təşkil olunması Azərbaycanın təşəbbüskarlığını və regional liderliyini göstərir. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Xəzər limanları arasında vahid rəqəmsal platformanın yaradılması Azərbaycanın regional ticarət və nəqliyyat əlaqələrində rəqəmsallaşmaya verdiyi önəmi göstərir.
Zirvə görüşündə Prezident İlham Əliyevin vurğuladığı məsələlərdən biri də Azərbaycanın 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransına ev sahibliyi etməsi oldu. Konfransda 197 ölkənin iştirakı, 70 dövlət və hökumət başçısının olması Azərbaycanın qlobal səviyyədə nüfuzunu və təşəbbüskarlığının təsdiqidir
Dövlət başçısı İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq aparıldığını vurğulayır. Bu, Azərbaycanın öz suverenliyini bərpa etməsi, 44 gün ərzində işğal altında olan torpaqları azad etməsi kimi faktları hüquqi və siyasi baxımdan əsaslandırır. Eyni zamanda sülh prosesində Azərbaycanın təşəbbüskar mövqeyi, sülh müqaviləsinin mətninin hazırlanması və Ermənistanın bəzi şərtləri hələ qəbul etməməsi, buna baxmayaraq, Azərbaycanın gedişatı təmkinlə izləməsi ölkəmizin regionda apardığı sülhyönümlü siyasətin əsas göstəricisidir, Azərbaycanın yalnız regionda deyil, Avropa enerjisi təhlükəsizliyində də mühüm oyunçu olduğunu göstərir.
Azərbaycan Türk Dövlətləri Təşkilatındakı nüfuzunu, liderlik potensialını və regional sabitlikdə rolunu aydın şəkildə ortaya qoyur. Digər dövlətlərin rəhbərləri Azərbaycanın təşəbbüskar və əlaqələndirici rolunu dəstəkləyərək, birlikdə daha geniş və dərin əməkdaşlıq perspektivlərinə işarə edir. Bu da Azərbaycanın həm Türk dünyasında, həm də daha geniş Avrasiya məkanında strateji mövqeyinin gücləndiyini göstərir.
Bunlardan əlavə, Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərindən qurulması, səfirliklərin açılması və bu əlaqələrin BMT, ATƏT, NATO, Avropa İttifaqı kimi beynəlxalq platformalarda inkişaf etdirilməsi, ölkələrarası çoxşaxəli əməkdaşlığın göstəricisidir.