YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər yüksək səviyyədədir

“Azərbaycan və Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər davamlı olaraq inkişaf edir. Mayın 20-də Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, səfər zamanı aparılan müzakirələr bu faktın göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dövlətimizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi statusda üzv olması bu baxımdan önəmlidir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi, biz dost və strateji tərəfdaş ölkələrik. Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır.

Sevinc Fətəliyeva qeyd edib ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Mayın 21-də bu ölkədə TDT-nin qeyri-rəsmi sammitinin keçirilməsi də çox önəmli hadisədir. Bundan əlavə, çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı çərçivəsində də iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin, “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun və digər sənədlərin imzalanması da dostluq əlaqələrimizin növbəti göstəricisidir.

Deputat deyib ki, mətbuata bəyanat zamanı Prezident İlham Əliyev ölkələrimiz arasında enerji sahəsində də əməkdaşlığı xüsusi vurğulayıb.  Ölkələrimiz enerji sahəsində də əməkdaşlığa böyük önəm verir. Macarıstan Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dövlətimizin başçısının dediyi kimi, ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. “...Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır”,-deyə Prezident İlham Əliyev mətbuata bəyanat zamanı vurğulayıb.

“Cənab Prezident, həmçinin Azərbaycanla Ermənistan arasında  sülh imkanlarından bəhs edib və sülh sazişinin imzalanması üçün rəsmi İrəvanın ölkəmizin məlum şərtlərin yerinə yetirməsinin vacibliyini xatırladıb. Dövlətimizin başçısı, eləcə də Baş nazir Viktor Orbanın Macarıstanın müstəqil siyasət yürütməsində, dövlət və milli maraqlarını qorumasında rolunu yüksək dəyərləndirib. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Bütövlükdə, liderlərin bəyanatı ölkələrimiz arasında əlaqələrin daha da güclənəcəyini deməyə əsas verir”,- millət vəkili söyləyib.  

DİGƏR Xəbərlər Arxiv