Xəbərlər
Ulu Öndər Heydər Əliyevin xatirəsi Hacıqabulda da anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə dəyirmi masa keçirilib.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul rayon Prokurorluğunun müstəntiqi Sevinc Abdulrəhmanlı, YAP fəalları Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Terapiya Şöbəsinin müdürü Firuzə Bəşirova, şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Elnarə Rəhimova və Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov bildiriblər ki, fəaliyyətinin bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olub. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Liderin üzərinə düşüb. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın böyük və heyrətamiz inkişaf yolunda inamla irəliləməsini şərtləndirdi.