Xəbərlər
“Əbədiyaşar Lider”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotostendə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür yolu” adlı film nümayiş etdirilib.
Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Milli Qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov, şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini bildiriblər. Qeyd olunub ki, Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutub, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrilib. Ulu Öndərin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən keçirilmiş inşa-yazı müsabiqəsində, bilik yarışında, şahmat turnirində və rəsm müsabiqəsində qalib gələn bir qrup məktəbliyə diplom, bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.
Tədbir Samux şəhər Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşıb.