Xəbərlər
Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.
Mingəçevir Dövlət Dram Teatrının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynli, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı Elnur Gebidov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyevin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olmasından, Ulu Öndərin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımların onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər olmasından, bu gün Ümummilli Liderin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf etdirilməsindən bəhs ediblər.
Tədbir bədii hissə ilə davam edib.