Xəbərlər
Masallıda Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Masallı Tarix-Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda şəhid analarının və veteran qadınların iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və digərləri qeyd ediblər ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Ulu Öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə YAP Masallı rayon təşkilatı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Masallı Heydər Əliyev Mərkəzində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda növbəti seminarı da keçirilib.
Seminarda çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Masallı rayon Gənclər və İdman Sektorunun müdiri Sabiq Cahangirov və digərləri Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyiblər. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkədə gənclərin sosial inteqrasiyası, təhsili, məşğulluğu və ictimai fəallığı sahəsində mühüm nailiyyətlər əldə olunub.