YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqlar arasında tarixi və mədəni bağlar əsrlərlə davam edən ortaq keçmişə əsaslanır

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu və dost ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə oldu. Bu səfər, regionda baş verən geosiyasi dəyişikliklər fonunda, Azərbaycan-İran əlaqələrinin daha da dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar bir daha sübut etdi ki, Bakı və Tehran münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsində qərarlıdır.

Azərbaycan və İran xalqları arasında tarixi və mədəni bağlar əsrlərlə davam edən bir ortaq keçmişə əsaslanır. Bu münasibətlər bu gün də siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sıx əməkdaşlıqla davam edir. Səfər çərçivəsində imzalanmış sənədlər – o cümlədən nəqliyyat, diplomatik məsləhətləşmələr, dənizçilik, media və mədəniyyət sahələrindəki Anlaşma Memorandumları – münasibətlərin institusional səviyyədə daha da möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev qeyd etdi ki, hər iki tərəf əlaqələrin inkişafı üçün güclü siyasi iradəyə sahibdir. Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlıq regional əhəmiyyətli layihələrdən biridir. Azərbaycan bu dəhlizin öz ərazisindən keçən hissəsində bütün əsas infrastruktur layihələrini reallaşdırıb və hazırda artan yük həcmlərini qarşılamaq məqsədilə əlavə sərmayə yatır. Dəhliz yalnız iki ölkə üçün deyil, bütün region üçün yeni iqtisadi imkanlar açır.

Görüşdə eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycan və İran bir çox beynəlxalq platformalarda – BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər qurumlarda – qarşılıqlı dəstək göstərməkdə davam edir. Bu, iki ölkə arasında strateji etimadın mühüm göstəricisidir.

Humanitar və mədəni əlaqələr də diqqət mərkəzində oldu. Sonuncu qarşılıqlı mədəniyyət günlərinin səkkiz il əvvəl keçirildiyini xatırladan tərəflər, bu sahədə yeni təşəbbüslərin zəruriliyini vurğuladı. Yaxın zamanda yenidən mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyev vurğuladı ki, ortaq mədəni irs, qohumluq əlaqələri və minilliklərə söykənən birgə tarix bu əməkdaşlığın təbii təməlini təşkil edir.

Prezident Məsud Pezeşkianın səfəri həm də çətin bir dövrdə baş tutdu. İranın bəzi bölgələrində baş vermiş faciəvi hadisələrə baxmayaraq, Prezident Pezeşkianın Bakıya səfəri qardaşlıq və siyasi iradənin bariz nümunəsi kimi yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İran xalqına başsağlığı verərək hər iki ölkənin bölgədə sülh, sabitlik və əməkdaşlıq istiqamətində birgə addımlar atmağa davam edəcəyini bildirdi.

Bu səfər, bütövlükdə Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və gələcəkdə daha genişmiqyaslı əməkdaşlıqlar üçün zəmin yaratdığını göstərdi. İkitərəfli siyasi dialoqun intensivləşməsi, iqtisadi layihələrin reallaşdırılması və humanitar sahədəki təşəbbüslər sübut edir ki, Azərbaycan və İran qarşılıqlı fayda və ortaq maraqlar əsasında əlaqələrini yeni mərhələyə keçirir.

DİGƏR Xəbərlər Arxiv