Xəbərlər
Şərurda akademik Zərifə xanım Əliyevanın anım günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı tərəfindən akademik Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Sevinc Həsənova, Püsyan kənd kitabxana filialının kitabxanaçısı Səmannaz Əbilova, Düdəngə kənd tam orta məktəbinin psixoloqu Ruqiyyə Musayeva və partiya fəalı Şəhla Cəfərova çıxış edərək vurğulayıblar ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və pedaqoqlardan biri olmuş, xüsusilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti ilə seçilmişdir.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva bu nüfuzlu təhsil ocağında uzun illər çalışaraq həkim kadrlarının hazırlanmasına və onların peşəkar səviyyəsinin yüksəldilməsinə mühüm töhfələr vermişdir. O, oftalmologiya sahəsində ixtisaslaşmış həkimlərin təkmilləşdirilməsi istiqamətində müasir metodların tətbiqinə xüsusi diqqət yetirmiş, tədris prosesinə yeni yanaşmalar gətirərək nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da inkişafını əsas prioritet kimi müəyyən etmişdir. Bu yanaşma sayəsində yetişən həkimlər həm nəzəri, həm də praktiki baxımdan daha hazırlıqlı mütəxəssislər kimi formalaşmışlar.
Vurğulanıb ki, Zərifə Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri elmi tədqiqatların genişləndirilməsi olmuşdur. O, göz xəstəliklərinin, xüsusilə də peşə ilə bağlı yaranan görmə problemlərinin araşdırılması sahəsində mühüm tədqiqatlar aparmış, kimya sənayesində çalışan insanların görmə orqanlarında baş verən dəyişiklikləri öyrənərək əhəmiyyətli elmi nəticələr əldə etmişdir. Bu araşdırmalar yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanmışdır.
Onun rəhbərliyi altında institutda çoxsaylı gənc alimlər yetişmiş, aspirant və doktorantlar elmi fəaliyyətə cəlb olunmuşdur. Zərifə xanım Əliyeva tələbələrinə və həmkarlarına qarşı tələbkar olmaqla yanaşı, qayğıkeş münasibəti ilə də seçilmiş, gənc mütəxəssislərin formalaşmasında mühüm rol oynamışdır.
