YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin əməkdaşlığı: Avropa ilə Asiyanı birləşdirən strateji körpü

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən 24-cü sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən imzalanmışdır. Həmin gündən etibarən bu sənəd ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənəd kimi çıxış edir.

Cari ilin 21 aprel tarixində Çinin Sinxua agentliyinə verdiyi müsahibədə Prezident İlham Əliyev bu sənədin əhəmiyyətini xüsusi vurğulayıb.  Qeyd olunub ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib.

Birgə Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridır. Bu gün əminliklə demək olar ki, Azərbaycan-Çin münasibətləri çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə idi.

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşir.