Xəbərlər
Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Azərbaycan xalqı və dövlətinin tarix səhnəsində özünəməxsus yer tutması böyük siyasi iradəyə, uzaqgörən liderliyə bağlı olmuşdur. Bu mənada Ümummilli Lider Heydər Əliyevin xidmətləri təkcə bir dövrün deyil, bütöv bir tarixin taleyində həlledici rol oynamışdır. Onun rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ictimai-siyasi sabitliyi təmin etmiş, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunmasına zəmin yaratmışdır.
Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin SSRİ dövründə və müstəqillik illərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin əsas sütunlarından biri ana dilinin qorunması və inkişaf etdirilməsi olmuşdur. 1978-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin təsbit olunması təkcə siyasi deyil, eyni zamanda mənəvi və mədəni baxımdan da tarixi əhəmiyyət daşımışdır. Bu təşəbbüs, o dövrün total sovetləşmə siyasəti fonunda milli kimliyin və mədəni suverenliyin qorunması istiqamətində atılmış cəsarətli addım idi.
Dahi Lider Heydər Əliyev ana dilinin yalnız hüquqi statusunu müəyyənləşdirməklə kifayətlənməmiş, bu sahədə praktik tədbirlər də həyata keçirmişdir. “Azərbaycan dili” və “Müasir Azərbaycan dili” dərsliklərinin hazırlanması, ali və orta ixtisas məktəblərində ana dilinin tədrisinin genişləndirilməsi, elmi tədqiqatların təşviqi milli dil siyasətinin əsas istiqamətlərindən olmuşdur. Eyni zamanda, Azərbaycan dilində televiziya və radio yayımının həcmi artırılmış, nəşriyyat işi canlandırılmış və milli ədəbiyyatın inkişafı üçün əlverişli mühit yaradılmışdır. Bu siyasət milli-mənəvi dəyərlərin qorunmasına və gücləndirilməsinə xidmət etmişdir.
Ulu Öndərin uğurlu fəaliyyətinin Naxçıvan dövründə də milli kimliyimizin rəmzi olan dil məsələsi diqqət mərkəzində saxlanılmışdır. Həmin dövrdə muxtar respublikada dövlət rəmzlərinin bərpası ilə yanaşı, ana dilinin nüfuzunun artırılması və tədrisinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır.
Heydər Əliyev tərəfindən əsasları qoyulmuş dil siyasəti müstəqillik dövründə yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili yenidən dövlət dili kimi təsbit edildi. Dilimizin hüquqi statusunun möhkəmləndirilməsi ilə yanaşı, onun dövlət idarəçiliyində, təhsildə, mətbuatda və digər sahələrdə tətbiqinin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olundu.
Prezident İlham Əliyev tərəfindən bu siyasət yüksək səviyyədə davam etdirilir. Ölkədə dilin inkişafını təmin edən dövlət proqramları qəbul olunub və hazırda uğurla icra edilir. Azərbaycan dilinin saflığının qorunması, qloballaşma dövründə milli dilin nüfuzunun artırılması, eləcə də terminologiya məsələlərinin sistemli şəkildə tənzimlənməsi sahəsində ciddi islahatlar həyata keçirilir.
Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması da prioritet məsələyə çevrilmişdir. Xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərimiz, ali təhsil müəssisələrində yaradılan Azərbaycan dili və ədəbiyyatı kafedraları milli dilimizin diaspor sahəsində də möhkəmlənməsinə xidmət edir. Bu proses milli kimlik və suverenlik məsələlərinin bir parçası kimi qəbul edilir. Dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyevin dil siyasətinin nə qədər strateji və uzaqgörən bir yanaşma olduğunu bir daha sübut edir.
Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası da milli dilin qorunmasında və ictimai şüurun formalaşmasında əvəzsiz rol oynamışdır. Azərbaycançılıq yalnız coğrafi mənsubiyyət deyil, həm də dil, mədəniyyət, tarix və dəyərlər sisteminə əsaslanan vətəndaş həmrəyliyidir. Bu ideologiyanın əsasında Azərbaycan dilinin milli varlığın təməl sütunu olması ideyası dayanır.
Nəticə etibarilə, Heydər Əliyevin həyata keçirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dil siyasəti Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biri kimi qəbul edilir. Ana dilinə münasibətdə göstərilən bu yüksək dövlət qayğısı həm milli kimliyin qorunması, həm də gələcək nəsillərin milli ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu siyasət gələcəkdə də milli varlığımızın qorunmasının və inkişafının təminatçısı olacaqdır.