Xəbərlər
Milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətin əməli nəticələri

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə, milli kimliyimizin, varlığımızın təqdimatına xidmət edən addımlarla zəngindir. İllər keçdikcə hər bir hadisənin önəmi, Azərbaycanın bugünü və gələcəyi üçün əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Həmin dövrün reallıqları baxımından sözün əsl mənasında böyük cəsarət tələb edən bu addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdır. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri- bütün bunlar ulu öndər Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsinə xidmət etdi. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.
Göründüyü kimi, Azərbaycan xalqı daim milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir.