YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dili milli varlığımız və qürur mənbəyimizdir

“Ana dilimizin saflığı, mənəvi zənginliyi, dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, XX əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Ümummilli Liderimiz tərəfindən əsası qoyulan dil siyasəti sayəsində Azərbaycan dili ölkəmizin dövlət dili elan edildi.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu müdrik kəlamı söyləyən, millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxaran dahi şəxsiyyət tərəfindən həyata keçirilən siyasət sayəsində mümkün oldu.

“Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”, – söyləyən dahi rəhbərimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalandı. Məhz Ümummilli Liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilir. 2001-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayır, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunur.

Millət vəkili onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi. Bununla yanaşı, qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.

Bu gün əsası Dahi Lider Heydər Əliyev tərəfindən qoyulan ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlətimizin başçısı Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı çox mühüm addımlar, imzaladığı Sərəncamlar, ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Qürurverici haldır ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün əmrləri, “Qarabağ Azərbaycandır”, “Zəfər günün mübarək, doğma xalqım” ifadələri ana dilimizdə səsləndi.

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Ulu Öndər söylədiyi bu fikir bir daha təsdiq edir ki, ana dilimizi bütün gözəllikləri və incəlikləri ilə qorumaq tutduğu statusdan, yaşından, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının borcudur, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.