Xəbərlər
Azərbaycan-Gürcüstan münasibətləri ən yüksək inkişaf həddinə çatıb

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycan və Gürcüstan dövlətləri arasında tarixi dostluq və mehriban qonşuluq əlaqələri vardır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda və Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda iki xalq arasında olan tarixi dostluq əlaqələri daha da güclənmişdir. Xüsusilə Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi,həmçinin demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması dövlətlərimizi birləşdirən siyasi xəttlərdir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Asiya və Avropa arasında effektiv nəqliyyat bağlantısı təmin edir. Bununla yanaşı Azərbaycan Gürcüstan dövləti də daxil olmaqla 12 ölkəyə təbii qaz ixrac edir. Bu ilk növbədə Azərbaycanın güclü iqtisadi siyasətinin bariz nümunəsidir.
Prezident İlham Əliyev hər zaman xarici siyasətimizdə mehriban dostluq, qardaşlıq, sıx əməkdaşlıq, etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanıb. Ötən müddət ərzində Azərbaycan-Gürcüstan münasibətləri tarixdəki ən yüksək inkişaf həddinə çatmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri, siyasi dialoq mühiti, etibarlı tərəfdaşlıq, Cənubi Qafqazda böyük layihələrin birgə uğurlu icrası məhz dövlətlərimiz arasındakı əlqələrin sıx və sarsılmaz olduğunun təsdiqidir.
Məlum olduğu kimi cari ilin aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə olub. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstan Prezidenti prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etmişdir ki, təbii ki, bu da rəmzi bir xarakter daşıyır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Möhtərəm Prezident məzmunlu çıxışında qeyd edib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Əlbəttə ki, bu tarixi faktlar hazırkı reallıqları əks etdirir. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Dövlətlərimiz və xalqlarımız arasında olan sıx əlaqələr qürurvericidir.
Bu gün Azərbaycan və Gürcüstan arasında regionlararası əməkdaşlıq yüksələn xətlə davam edir ki, bu da məhz dövlətlərimizin və xalqlarımızın milli maraqlarına xidmət edir.