Xəbərlər
Saatlı rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Saatlı rayon təşkilatının təşkilatçılığı ilə Saatlı Tibb Kollecində tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın elmi və intellektual potensialının artırılması üçün gənclərin ölkə daxilində və xaricində təhsilə cəlb edilməsinə nail olub. E.Əzizov qeyd edib ki, o dövrdə ölkəmizdə çoxsaylı gənclər təşkilatları yaradılıb, gənclər forumları keçirilib. Qeyd olunub ki, potensiallı gənclər ixtisaslı kadr kimi seçilərək dövlət idarəçiliyinə cəlb edilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə onların intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Gənclərin intellekt oyunlarına cəlb edilməsi çox uğurlu bir addımdır.
Saatlı Tibb Kollecinin direktoru Kamal Mürsəlov keçirilən yarışın əhəmiyyətini qeyd edərək, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşdığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Məhz dövlətimizin gənclərə diqqət və qayğısı nəticəsində onların öz gücünə, istedadına inam hissi artıb.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etmək olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında ümumilikdə 8 komanda iştirak edib. Yarışın nəticələrinə görə, birinci yerin qalibi “Mil-Muğan” kommandası, ikinci yerin qalibi “Xarı bülbül” komandası, üçüncü yerin qalibi “Ulu yolun davamçıları” komandası olub. Sonda qaliblər hədiyyə, medal və diplomlarla təltif edilib.