Xəbərlər
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev: Milli ənənə, milli inkişaf və böyük Zəfər” mövzusunda dəyirmi masa təşkil olunub.
Əvvəlcə müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, partiya veteranı Vahid Quliyev vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işində əvəzsiz rolu olan partiya veteranlarının təcrübəsi, bilikləri və dahi Heydər Əliyev ideyalarına sadiqliyi yeni nəsillər üçün örnək təşkil edir və bu dəyərlərin yaşadılmasında mühüm rol oynayır: “Bu istiqamətdə keçirilən mühüm əhəmiyyətli görüşlər məhz Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə çatdırılmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib. Ulu Öndərin müdrik siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub”.
Sonda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup partiya veteranı YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub.