Xəbərlər
Gəncədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri, şəhid ailələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra YAP Gəncə şəhər təşkilatının 2025-ci ildə fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 2025-ci il müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünün qeyd olunduğu il kimi tarixdə qalacaq. Vurğulanıb ki, həmçinin, cari il ölkəmizin qarşısında açılan yeni imkanlar və formalaşan perspektivlər dövlətçilik tariximizin mühüm uğurlarının məntiqi davamıdır.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında bildirib ki, Azərbaycan xalqının dirçəlişi, tərəqqisi və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birliyinə müvəffəq olub.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov qeyd edib ki, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı hər bir addım xalqımız tərəfindən rəğbətlə qarşılanıb: “Ötən illər ərzində dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib. 44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri şanlı Qələbəyə layiqli töhfə olub.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan xalqının milli yaddaşında və siyasi tarixində xüsusi yer tutan, ideoloji, mənəvi və strateji əhəmiyyət daşıyan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji-siyasi əsasları bilavasitə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası ilə bağlıdır. Diqqətə çatdırıb ki, dünya azərbaycanlıları bu əlamətdar günü böyük fəxr və qürurla qeyd edirlər.
Çıxışlardan sonra YAP Gəncə şəhər təşkilatının fəallarına təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Tədbirin rəsmi hissəsinə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonra Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və İncəsənət” şöbəsinin Qəmbər Hüseynli İnstrumental ansamblının ifasında konsert proqramı təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
