YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi iradə və milli resurslar üzərində qurulan dövlətçilik modeli

Azər Süleymanov 

YAP Nəsimi rayon təşkilatının sədri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibədə Forumun əhəmiyyətindən, qlobal və regional geosiyasi dəyişikliklərdən, Azərbaycanın mövqeyindən və gələcək perspektivlərdən danışıb.

Prezident İlham Əliyev Qlobal Bakı Forumunun 12 ildir uğurla təşkil edildiyini vurğulayaraq, builki forumun da mühüm müzakirələrə ev sahibliyi edəcəyini bildirib. Dövlət başçısı tədbirin iştirakçı tərkibinə diqqət çəkərək, burada 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarının iştirak etdiyini qeyd edib.

Cənab İlham Əliyev hazırda yeni qlobal qaydaların müəyyənləşdirilməkdə olduğunu vurğulayıb. Dövlət başçısı mövcud dünya nizamının artıq keçmişdə qaldığını və ölkələrin beynəlxalq hüquqa və yardıma deyil, daha çox daxili resurslarına güvənməli olduğunu bildirib. Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olduğu üçün daxili imkanlarına arxalanaraq uğurlu inkişaf modeli qurub.

Dövlət başçısı, həmçinin gələcəkdə beynəlxalq təsisatların zəifləyəcəyini və dövlətlərarası münasibətlərin daha çox ikitərəfli formatda inkişaf edəcəyini qeyd edib. Bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətindədir.

Prezident İlham Əliyev regionda baş verən geosiyasi proseslərə toxunaraq, Cənubi Qafqazın uzun müddət qarşıdurmalar və münaqişələr məkanı olduğunu xatırladıb. O, hazırda regionda nisbətən sabitlik yarandığını və bunun qorunmasının vacib olduğunu vurğulayıb. Dövlət başçısı bölgədə yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının və qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülh sazişi imzalanmayıb. O bildirib ki, sülh müqaviləsi olmadan tam sabitlik mümkün deyil.

Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklərə də toxunaraq, hər bir ölkənin öz taleyinin sahibi olması lazım olduğunu bildirib. O, Azərbaycanın heç bir beynəlxalq təşkilata və xarici yardıma arxalanmadığını, öz resurslarına güvənərək ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, dünyada münaqişələrin sayı artmaqdadır və əgər həllini tapmış bir münaqişə nümunəsi axtarsaq, yalnız Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunduğunu görə bilərik.

Azərbaycan Prezidenti gələcəkdə qlobal sabitliyin bərqərar olacağına dair nikbin olmadığını bildirib. O, Rusiya-Ukrayna müharibəsinin dayansa belə, müharibənin yenidən başlama ehtimalının mövcud olduğunu qeyd edib. Eyni zamanda, Yaxın Şərq və Afrikadakı münaqişələrin artmasının qlobal sabitliyə ciddi təsir göstərdiyini vurğulayıb.

Sonda dövlət başçısı Qlobal Bakı Forumunun ideya mübadiləsi üçün mühüm bir platforma olduğunu vurğulayaraq, forumda müxtəlif baxışların toqquşmasının tədbiri uğurlu etdiyini qeyd edib. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın regional və qlobal məsələlərə baxışını ortaya qoyur. Dövlət başçısı Azərbaycanın müstəqil və öz resurslarına güvənən siyasət yürütdüyünü, Cənubi Qafqazda uzunmüddətli sabitliyin yalnız sülh müqaviləsi ilə mümkün ola biləcəyini, eyni zamanda, qlobal nizamın yenidən formalaşdığını vurğulayıb. Bu mövqelər Azərbaycanın gələcək strateji istiqamətlərini müəyyənləşdirir və dünya birliyi üçün vacib bir mesajdır.

DİGƏR Xəbərlər Arxiv