Xəbərlər
Milli dəyərlərin və mədəni irsin təcəssümü

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
Novruz bayramı minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlər sistemi ilə formalaşıb. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda yeni təqvim ilinin - yeni günün başlanğıcı hesab olunur. Uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər.
Qədim bayramlardan olan Novruz insana həyat verən dörd ünsürün - suyun, odun, yelin və torpağın isinməsi istəyi ilə bağlı yaranmışdır. Buna görə də çərşənbələrin adları məhz bu amillə əlaqələndirilmişdir. Milli bayram olan Novruzun minilliklər boyu yaşatdığı dəyərlərdən biri də insanların bir-birinə bayram ərəfəsində qonaq getməsi, qohum-qonşuları, habelə xəstə insanları ziyarət etməsi hesab olunur.
Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT tərəfindən 21 mart Beynəlxalq Novruz Günü elan olunmuşdur.
Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.
Novruz bayramı ərəfəsində icra edilən və yaşadılan bu dəyərlər xalqımızın birliyinə, bütövlüyünə, münasibətlər sisteminin qorunmasına olduqca böyük fayda verəcək. Məhz buna görə də bu adətlərin qorunması, yaşadılması bu günümüz və gələcəyimiz üçün vacibdir.