Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev mühazirələri”
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüşün növbəti qonağı YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.
“Ümummilli Lider Heydər Əliyev mühazirələri”nin əhəmiyyətindən bəhs edən BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Eyni zamanda, bu platforma sağlam və intellektual müzakirə mühitinin inkişafına xidmət edir. Mühazirələr Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, ölkəmizin müasir inkişaf strategiyasının siyasi-ideoloji dayaqlarını dərindən anlamağa imkan yaradır. Bu təşəbbüs nəticə etibarilə gənclərin dövlətə bağlı, yüksək bilikli və prinsipial vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərlə yaradılan yeni reallıqlar nəticəsində Azərbaycan regional təhlükəsizlik arxitekturasında əsas söz sahibi kimi qəbul olunub və qlobal səviyyədə diplomatik çəkisi əhəmiyyətli dərəcədə artıb.
Geniş məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Geniş və dərin zəka sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib.
B.Muradova vurğulayıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan həm daxili, həm də xarici siyasətdə böyük uğurlara imza atır.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
