YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Novruz  milli adət-ənənələrin,  dəyərlərimizin tərkib hissəsidir. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər  Heydər Əliyev bildirmişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Artıq son beş ildə digər bayramlarımız kimi, Novruzu da fərqli ovqatda, böyük qürur və sevinc hissi ilə qeyd edirik. 30 il yaxın işğal altında qalan torpaqlarımız azaddır, tarixi sahibinə qovuşub. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Qürurvericidir ki, ötən il bu torpaqlarda müstəqillik tariximizdə ilk dəfə olaraq prezident və parlament seçkiləri keçirildi. Bu torpaqlarımızda Novruz tonqalları alovlandırılır. Çal-çağırlı günlərini yaşayan Qarabağımız və Şərqi Zəngəzurumuz mərhələ-mərhələ sakinlərinə qovuşur. Bundan böyük xoşbəxtlik olarmı?

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra ilk Novruz tonqalını Şuşada Cıdır düzündə alovlandıraraq xalqa müraciətində bildirdi ki, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik.  Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq.  Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

Bu məqam da xüsusi qeyd edildi ki, biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur.

Dövlət başçısı İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən bəyan etdi ki, əziz Şuşa, sən azadsan. Biz səni dirçəldəcəyik.  Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri soydaşlarımızın qayıdışı ilə tamamlanır.  Müzəffər Ali Baş Komandan 2021-ci ildə Novruz bayramında Şuşadan xalqa müraciətində qeyd etdi ki, bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik.

Sakinlərinə qovuşan şəhərlərimiz sırasında artıq Şuşanın da adı var. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar doğma yurd-yuvasına qayıtdı. Bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Novruz azad edilmiş torpaqlarımızın sevincinə sevinc əlavə edir.