Xəbərlər
Regional və beynəlxalq sülhə böyük töhfə

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. Keçirilən Forumlarda bir çox vacib əhəmiyyətli məsələlər müzakirə olunur. Bu möhtəşəm platformada dünyadakı münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər, bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də müzakirə olunur. Keçirilən bütün Forumlarda çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etmişdir.
Cari ilin mart ayının 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və öz nitqində bir sıra tarixi faktları, ümumilikdə gələcək inkişaf perspektivləri haqqında olan fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Ölkə Prezidenti İlham Əliyev enerji məsələlərindən geniş bəhs edib, eləcə də Ermənistanın təcavüzkar siyasəti və onların riyakar havadarlarının deskonstruktiv mövqeyi haqqında olan həqiqətləri də faktlar əsasında diqqətə çatdırıb. Bütün dünyaya məlumdur ki, bəli, Azərbaycan öz siyasətində sülh və humanizm prinsiplərinə əsaslanır. Bizim məqsədimiz tarixi ədaləti bərpa etmək, düşmənləri öz doğma torpaqlarımızdan çıxarmaq idi. Biz haqq işimizi Zəfərlə sonlandırdıq. Ermənistanın məkirli siyasətinə baxmayaraq,Azərbaycan hər zaman sülh mövqeyindən çıxış edib. Bizim təşəbbüs göstərdiyimiz sülh müqavilsəinin layihəsi, həmçinin Zəngəzur dəhlizinin açılması faktı, bizim Ermənistandan işğalçı məqsədi daşıyan öz Konstitusiyasına dəyişiklik etməsi tələbi məhz beynəlxalq hüquq normalarına da uyğundur.
Ümid edirik ki, Ermənisitan siyasi rəhbərliyi Forumda səsləndirilən dəyərli fikirlərdən dərs çıxaracaq və regionda davamlı sülhün təmin edilməsi üçün öz riyakar əməllərinə son qoyacaq.
XII Qlobal Bakı Forumu nəinki regionda baş vermiş münaqişələrin yekun həllinə, eləcə də beynəlxalq səviyyədə dünya dövlətləri arasında davamlı sülhün,səmimi münasibətlərin yaranmasına böyük töhfə verdi.